“ABŞ və İsrailin birgə kampaniyası keçmiş ali lider Əli Xameneinin öldürülməsi ilə nəticələndi və onun oğlu və varisi Müctəba hələ də ictimaiyyət qarşısına çıxmayıb. Buna baxmayaraq, rejim hakimiyyətdə qalır”.
Bu barədə ABŞ-dakı Demokratiyanın Müdafiəsi Fondunun analitikləri Conatan Saye və Samuel Ben-Urun birgə yazısında bildirilir.
Yazıda rejimin mövcudluğunun parlamentdəki əsas fiqurlardan, SEPAH-dan, Ali Milli Təhlükəsizlik Şurasından, məhkəmə sistemindən və ölkənin hüquq-mühafizə orqanlarından asılı olduğu vurğulanır.
Müəlliflər İrana 5 nəfərin rəhbərlik etdiyini yazıblar:
1. İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf;
2. Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Məhəmməd Bağır Zülqədr;
3. SEPAH-ın komandanı Əhməd Vahidi;
4. İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejei;
5. İranın hüquq-mühafizə orqanları idarəsinin rəhbəri Əhmədrza Radan.
Yada salaq ki, aprelin 1-də “Əl Hədəs” nəşri Qulamhüseyn Möhsün Ejeinin Tehrana endirilən hava zərbəsi nəticəsində öldürüldüya haqda məlumat yaymışdı.
Doğrudanmı İranı bu “beşlik” idarə edir? Pezeşkianın hansısa rolu, təsiri varmı, qalırmı, nə vaxtsa arta bilərmi?

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu məsələ ilə bağlı Musavat.com-a bunları dedi: “Əvvəla, Qulamhüseyn Möhsün Ejeinin ölümü xəbəri təsdiqini tapmadı. Özü efirə çıxıb cavab verdi. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, müharibə zamanı bu cür informasiya çirkliliyi çox yayğın olur, bu da normaldır. O cümlədən yeni dini lider Ayətullah Seyid Müctəba Xameneinin ağır yaralı olduğu, Qumda saxlandığı ilə bağlı məlumatı amerikalı ekspertlər yayıb, əgər Xameneinin yerini amerikalı ekspertlər bilirsə, məntiqlə ABŞ və İsrail ordusu da bilməli idi, o hesabla gərək çoxdan vuraydılar.
Yəni, deməyim odur ki, bunlar fərziyədir. Bilinən fakt odur ki, yeni dini lider ciddi şəkildə qorunur və gizli saxlanılır. Çox güman ki, hökumətin yüksək rütbəli şəxsləri belə onun yerini bilmir. O ki, qaldı hazırda İranı kimin idarə etməsinə, ümumiyyətlə, İran İslam Respublikasının mürəkkəb idarə sistemi var. Qərar mexanizmləri qarışıq və bir-birinə bağlı dolaşıq sistemdir. Dini lider ordunun baş komandanı, ən üst dini-siyasi hakimdir. Eyni zamanda, onun sahələr üzrə köməkçiləri və onların fəaliyyətini nəzarət altında saxlayan qurumlar var.
Keçid dövründə prezident, məhkəmə hakimiyyəti rəhbəri və parlament sədrindən ibarət müvəqqəti şura yaradılır, həmçinin, ordunun müvafiq komandanlığı var. Üstəlik, mozaik komandanlıq var, ordu özü də qərargahlar vasitəsilə idarə olunur. Dini rəhbərlik məqamı və onun yardımçıları bir mənada qurumlar arasında koordinasiyanı təmin edir. Yəni, sistem mürəkkəb bir hörgü formasında olduğu üçün bir nəfərin və ya bir neçə liderin itkisi iqtidar boşluğuna səbəb olmur. Çünki dediyim kimi, fərqli qurumlar zənciri boşluq yaranmasına imkan vermir. Hər kəsin müəyyən olunmuş səlahiyyət çərçivəsi var, orda fəaliyyətini davam etdirir”.
Cavanşir ABBASLI,
Musavat.com