AZ

Tina Qerets: “Azərbaycanlı atletlər tamblinqin populyarlaşmasında böyük rol oynayırlar” PORTUQALİYADA

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan tamblinqinin nailiyyətləri və Mixail Malkin, Tofiq Əliyev kimi idmançılar bu növün Avropada inkişafına mühüm töhfə verir.

Bu barədə İdman.Biz-ə açıqlamasında Avropa Gimnastikasının media şöbəsinin rəhbəri Tina Qerets Portuqaliyanın Portiman şəhərində aprelin 8-də start götürəcək batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı ərəfəsində danışıb.

Onun sözlərinə görə, Malkin və Əliyev arasında olan dostcasına rəqabət idmançıların özlərinə də fayda verir:

"Onlar bir-birini daha böyük nailiyyətlərə sövq edirlər ki, bu da idmançı üçün həqiqətən vacibdir. Onların sosial şəbəkələrdəki paylaşımları viral olur. Məsələn, Tofiq Əliyevin Ümumdünya Oyunlarında etdiyi üçqat salto... Düşünürəm ki, bu barədə hətta bu idman növü haqqında heç nə bilməyənlər də danışırdı. Buna görə də bu, tamblinqin həm Avropada, həm də ümumilikdə dünyada populyarlaşması üçün böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, onlar burada da uğur qazanacaqlar".

O, həmçinin bildirib ki, bu Avropa çempionatında qadın tamblinqində Azərbaycanın yeganə təmsilçisi olan Хədicə Məmmədovanın məşqini izləyib və bunu irəliyə doğru yaxşı addım adlandırıb.

Qerets Azərbaycanda batut gimnastikasının yüksək inkişaf səviyyəsini də vurğulayıb:

“Azərbaycanla bağlı xoşuma gələn odur ki, orada işə ciddi yanaşırlar və onu sonadək çatdırırlar. Görünür ki, bu, nəticə verir. Ölkənin bütün növlər üzrə inkişafını izləmək xoşdur - səviyyə həqiqətən təsiredicidir".

Onun sözlərinə görə, son illərdə Avropada gimnastika sürətlə inkişaf edir və getdikcə daha çox federasiya bütün növlər üzrə fəaliyyət göstərir. Bu prosesdə Avropa Gimnastikasının texniki komitələri də mühüm rol oynayır - onlar seminarlar keçirir və ekspertlər dəvət edirlər.

Sonda media şöbəsinin rəhbəri Avropa çempionatının startını böyük həyəcanla gözlədiyini bildirib: “Çoxlu yeni simalar görəcəyimi gözləyirəm ki, onlar təcrübəli idmançılarla rəqabət apara bilsinlər. Bundan əlavə, neytral gimnastlar geri qayıdır, buna görə də nəticələr iki il əvvəlkindən fərqli ola bilər”.

O, həmçinin arenanın açıq çəhrayı tonlarda tərtibatına da münasibət bildirib və qeyd edib ki, bu rəng ilk dəfə istifadə olunur və Portuqaliya tərəfi tərəfindən xüsusi olaraq Portiman üçün seçilib.

"Gələcəkdə Avropa Gimnastikası brendinqi vahidləşdirməyi planlaşdırır, buna görə də böyük ehtimalla daha parlaq çəhrayı çalarlar və ya mavi rəngdən istifadə olunacaq", - deyə o, fikrini yekunlaşdırıb.

Leyla Eminova

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr