AZ

Vyetnam Prezidentini seçdi...

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ölkənin Prezidenti seçilib. Milli Assambleyanın aprelin 7-də keçirilən iclasında To Lamın 2026-2031-cü illər üçün Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməsi məsələsinə baxılıb. Səsvermədə iştirak edən 495 deputatın hamısı onun namizədliyini dəstəkləyib. Seçkidən sonra To Lamın andiçmə mərasimi olub.

Qeyd edək ki, To Lam 2024-cü ilin may-oktyabr aylarında da Vyetnamın Prezidenti olub. O, həmin ilin avqustunda Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi seçilib. To Lam cari ilin yanvarında yenidən partiyanın rəhbəri seçilib.

To Lam kimdir?

To Lam 10 iyul 1957-ci ildə Vyetnamın Hunq Yen əyalətinin Van Qianq şəhərində anadan olub. O, Xalq Silahlı Qüvvələrinin Qəhrəmanı, Hai Hunq əyalətinin keçmiş polis polkovniki To Quyenin böyük oğludur. Lam inqilabçı fəallar ailəsində anadan olub, gənc yaşlarından tarix və ölkənin vəziyyəti haqqında dərs deyib. Atasının yolunu davam etdirən To Lam təhlükəsizlik üzrə təhsil alıb. To Lamın ictimai təhlükəsizlik sahəsində karyerası 1974-cü ildə Mərkəzi Polis Məktəbində təhsili ilə başlayıb, ardınca 1974-cü ilin oktyabrından 1979-cu ilin oktyabrına qədər Vyetnam Xalq Təhlükəsizliyi Akademiyasında təhsil alıb. Təhlükəsizlik üzrə dərəcə aldıqdan sonra Vyetnam Xalq İctimai Təhlükəsizliyi Xidmətinə qoşulub. 1979-cu ilin oktyabrından 1988-ci ilin dekabrına qədər İctimai Təhlükəsizlik Nazirliyinin I Siyasi Mühafizə İdarəsində xidmət edib. 1988-ci ilin dekabrında I Siyasi Mühafizə İdarəsinin rəis müavini vəzifəsinə yüksəlib və bu vəzifədə 1993-cü ilə qədər çalışıb.

1993-cü ildən 2006-cı ilə qədər To Lamın karyerası inkişaf edərək İctimai Təhlükəsizlik Nazirliyinin I və III Siyasi Mühafizə Departamenti də daxil olmaqla müxtəlif departamentlərində direktor müavini, daha sonra direktor vəzifələrinə yüksəlib. 2006-cı ildə Baş Mühafizə İdarəsinin müdir müavini təyin edilib, 2007-ci ildə isə general-mayor rütbəsinə yüksəlib. Onun bu sahədə yüksəlişi 2009-cu ildə Baş Təhlükəsizlik Departamentinin I direktoru vəzifəsinə qədər davam edib, 2010-cu ilin iyul ayında general-leytenant rütbəsinə layiq görülüb.

To Lamın nüfuzu 2010-cu ilin avqust ayında İctimai Təhlükəsizlik nazirinin müavini təyin edildikdən, 2011-ci ilin yanvar ayında Vyetnam Kommunist Partiyasının 11-ci Milli Qurultayında Partiya Mərkəzi Komitəsinin üzvü olduqdan sonra daha da artıb. O, 2011-ci ilin iyun ayında Mərkəzi Polis Partiya Komitəsinin katibi təyin edilib, 2014-cü ilin sentyabr ayında Prezident Çıonq Tan Sanq tərəfindən general-polkovnik rütbəsinə layiq görülüb. 2016-cı ilin aprel ayında Prezident Tran Dai Quanq tərəfindən Korrupsiyaya qarşı Mübarizə üzrə Mərkəzi Rəhbər Komitəsinin sədr müavini təyin edilib. Beləliklə, o, 2016-2024-cü illər ərzində ictimai təhlükəsizlik naziri və Korrupsiyaya qarşı Mərkəzi Rəhbər Komitəsinin sədrinin müavini də daxil olmaqla bir sıra mühüm vəzifələr tutub.

To Lam 2011-ci ildən Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin, 2016-cı ildən isə partiyanın Siyasi Bürosunun üzvüdür.

To Lam müasir Vyetnam tarixində 15-ci prezident olub. O, dövlət başçısı vəzifəsində 2024-cü il oktyabrın 21-dən bu postu tutan Lionq Kionqu əvəz edib.

To Lam Azərbaycanda səfərdə olub

Xatırladaq ki, ötən ilin may ayında To Lam Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi kimi Azərbaycana dövlət səfəri edib. Səfər zamanı o, Prezident İlham Əliyevlə görüşüb, mətbuata bəyanatla çıxış ediblər. Eləcə də bir sıra sənədlər imzalanıb ki, bütün bunlar əlaqələrin gələcək perspektivlərindən xəbər verir. Xüsusilə, “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi böyük əhəmiyyət kəsb edir. Bu,  o deməkdir ki, Azərbaycanın dünyada strateji tərəfdaşlarının sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Ölkələrimiz, həmçinin  ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım  Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Vyetnamda  önəmli layihələr reallaşdırır. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. 2025-ci ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkənizə səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

Bundan əlavə, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında da əlaqələr inkişaf edir. 2023-cü ilin noyabrında hər iki partiya tərəfindən Əməkdaşlıq Sazişi imzalanıb.  

Nardar BAYRAMLI

Seçilən
10
yeniazerbaycan.com

1Mənbələr