AZ

Mərkəz rəisi: Mövsümi aqrotexniki tədbirlərin düzgün təşkili bitkiçilikdə mühüm rol oynayır

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəki, 8 aprel, AZƏRTAC

Son günlərdə havanın yağıntılı keçməsi, xüsusilə dəmyə şəraitində becərilən taxıl sahələri üçün əlverişli amil hesab olunur. Yağıntılar torpaqda rütubət ehtiyatını artıraraq bitkilərin normal inkişafını stimullaşdırır, vegetativ kütlənin formalaşmasına müsbət təsir göstərir və gələcək məhsuldarlıq üçün əlverişli zəmin yaradır. Bununla yanaşı, artan nisbi rütubət və uyğun temperatur rejimi payızlıq taxıl əkinlərində bir sıra xəstəliklərin inkişafı üçün əlverişli şərait yaradır.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev deyib.

Mərkəzin rəisi bildirib ki, aparılan fitosanitar monitorinqlər nəticəsində taxıl sahələrində vegetasiya dövrünə xas olan rinxosporioz, pirenoforoz, septorioz, unlu şeh, sarı və qonur pas kimi xəstəliklərin ilkin əlamətləri müşahidə olunub. Bu xəstəliklər vaxtında nəzarət altına alınmadıqda yarpaq səthinin zədələnməsinə, fotosintez prosesinin zəifləməsinə və nəticə etibarilə məhsuldarlığın əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.

T.Mehdiyev bildirib ki, mərkəz tərəfindən kənd təsərrüfatı sahəsində mövsümi aqrotexniki tədbirlərin düzgün təşkili və fitosanitar vəziyyətə nəzarətin gücləndirilməsi məqsədilə Şəki rayonunda taxıl əkinləri ilə məşğul olan fermerlərlə keçirilən növbəti maarifləndirici görüş zamanı torpaq mülkiyyətçilərinə sahələrin mütəmadi monitorinqinin aparılmasının və xəstəliklərin erkən mərhələdə aşkar edilməsinin vacibliyi xüsusi vurğulanıb.

Qeyd olunub ki, aqrotexniki tədbirlərin, o cümlədən optimal səpin normasının seçilməsi, düzgün gübrələmə sisteminin tətbiqi və növbəli əkin prinsipinə riayət olunması bitkilərin sağlam inkişafında mühüm rol oynayır. Eyni zamanda, xəstəliklərə qarşı yalnız təsdiq olunmuş fungisidlərdən istifadə edilməsinin, onların optimal vaxtda və düzgün dozada tətbiqinin zəruriliyi qeyd olunub. Fermerlərə pestisidlərdən istifadə zamanı fərdi mühafizə vasitələrinin tətbiq olunmasının və təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinin həm insan sağlamlığı, həm də ətraf mühitin qorunması baxımından əhəmiyyəti izah edilib. Bununla yanaşı, ekoloji cəhətdən təhlükəsiz yanaşmaların və inteqrir mübarizə metodlarının tətbiqinə üstünlük verilməsinin uzunmüddətli və dayanıqlı kənd təsərrüfatı istehsalında mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Mərkəz rəisinin məlumatına görə, hazırda taxıl sahələrində zərərli orqanizmlərə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir və fitosanitar vəziyyət daim nəzarətdə saxlanılır. Görülən tədbirlərin əsas məqsədi xəstəlik və zərərvericilərin yayılmasının qarşısını almaqla yanaşı, yüksək və keyfiyyətli məhsulun əldə edilməsini təmin etməkdir.

“Sonda fermerlərə tövsiyə etmək istəyirəm ki, sahələrdə hər hansı şübhəli əlamətlər müşahidə etdikdə operativ şəkildə aidiyyəti mütəxəssislərə müraciət etsinlər və verilən elmi əsaslı tövsiyələrə ciddi əməl olunsun. Bu yanaşma həm məhsuldarlığın qorunması, həm də ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir”,- deyə Tələt Mehdiyev əlavə edib.

Müxbir – Mustafa Dadaşov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
azertag.az

1Mənbələr