ABŞ və İran arasında müvəqqəti atəşkəsin qüvvəyə minməsindən cəmi bir neçə saat sonra, "Fars" körfəzində yerləşən strateji Lavan adasındakı neft emalı zavodunda güclü partlayışlar baş verib.
Musavat.com xəbər verir ki, İranın "Mehr" agentliyinin yaydığı məlumata görə, bu gün — 8 aprel 2026-cı il tarixində saat 10:20 radələrində adada ard-arda üç güclü partlayış səsi eşidilib. İlkin məlumatlara görə, ən azı dörd hava zərbəsi nəticəsində neft emalı zavodunun bir neçə nəhəng yanacaq çəni və şirkətin kontinental şelfindəki neft yanalma körpüsü (pirs) hədəf alınıb.
Partlayışlardan dərhal əvvəl raketlərin yaxınlaşması barədə siqnal alındığı üçün müəssisənin işçi heyəti təcili təxliyə edilib, lakin zavod ərazisində güclü yanğın hələ də davam edir. Beynəlxalq monitorinq qrupları hücumun ABŞ və ya İsrail aviasiyası tərəfindən həyata keçirildiyini ehtimal edirlər ki, bu da Donald Trampın elan etdiyi atəşkəsin rəsmən pozulması mənasına gələ bilər.
Hadisənin məhz Trampın İranla "15 bəndlik böyük saziş"in razılaşdırıldığını elan etdiyi günə təsadüf etməsi diplomatik dairələrdə sülh prosesinə qarşı "sabotaj" şübhələrini artırıb.
Hazırda tüstü dumanına qərq olan Lavan adasındakı bu gərginlik aprelin 10-da İslamabadda keçirilməsi planlaşdırılan tarixi rəsmi danışıqları ciddi sual altına qoyub.
Musavat.com