Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Təklif gələndə artıq qrupda oynamaq ehtimalı var idi. Mən buna inandım”.
Bunu “Qarabağ”ın braziliyalı müdafiəçisi Dani Bolt ölkəsində “Lance” nəşrinə müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– “Qarabağ”la keçirdiyiniz ilk mövsümdə Çempionlar Liqasında çıxış etdiniz. Təəssüratlarınız necə idi?
– Çempionlar Liqasında oynamaq çox gözəl təcrübədir, hər bir futbolçunun arzusudur. Həmişə televiziyadan izləyirdim və özümü bu səviyyədə - “Liverpul” və “Çelsi” kimi böyük komandalarla qarşılaşarkən təsəvvür edirdim. Himni eşitmək və həmin anın içində olmaq mənim üçün xüsusi idi.
– Ən çox nədən təsirləndiniz?
– Çempionlar Liqasında ilk dəfə oynamaq hər şeyi dəyişir, evdə əsas mövzuya çevrilir. Hamı səndən nə hiss etdiyini soruşur. Atmosfer təsirlidir – azarkeşlər, stadion, hər şey. Amma oyun başlayanda 11-ə 11-dir. Biz öz oyunumuz üzərində fokuslanırıq və istənilən rəqiblə rəqabət apara biləcəyimizə inanırıq. Təsadüfi deyil ki, “Çelsi” ilə heç-heçə etdik.
– Ən yaddaqalan an kimi pley-off mərhələsinə vəsiqə qazanmağı göstərmək olar?
– Bilirdik ki, pley-offa vəsiqə qazanmağa yaxınıq. Amma həqiqətən bunu anlayanda, sıradan çıxan komandalar məlum olanda və yüksəldiyimizi görəndə böyük hisslər keçirdik. Bu, hər futbolçunun yaşamaq istədiyi xüsusi təcrübədir.
– “Qarabağ”ın təklifini qəbul etməyində bu komandanın Çempionlar Liqasında çıxış etməsi nə qədər rol oynadı?
– Təklif gələndə artıq qrupda oynamaq ehtimalı var idi. Mən buna inandım. Karyera inkişafı ilə yanaşı, bu səviyyədə çıxış etmək istəyirdim. Məni bu çağırışı qəbul etməyə vadar edən də bu oldu.
– “Liverpul”la oyun zamanı rəqibin qapıçısı Alisson Bekkerlə səmimi söhbətiniz diqqətimizi çəkdi. Həmin vaxt nədən danışırdınız?
– Alissonla söhbət etdim, çünki qardaşı Muriellə “Fluminense”də birlikdə oynamışdım. Fasilədə danışdıq, qardaşı ilə birgə oynadığımı dedim. O da mənə imzalı formasını verdi. Ona təşəkkür etdim. Danışdığım şəxslərdən biri o idi.
– Azərbaycan futbolu barədə təəssüratlarınız necədir?
– Azərbaycan çempionatı inkişaf edir və diqqət çəkir. Bir çox futbolçu təklif almamışdan əvvəl buranın necə olduğunu soruşur. “Qarabağ” ölkənin adını tanıtmağa kömək edir. Braziliya ilə müqayisədə hələ o qədər tanınmır, amma inkişaf var.
– Yeni mədəniyyət və futbol mühitinə uyğunlaşmağınız karyeranıza nə kimi müsbət təsiri var?
– Çempionlar Liqası ilə yanaşı, başqa mədəniyyətdə və fərqli futbolda yaşamaq böyük təcrübədir. Bu, çox şey qatır. Amma hansı turnir olmasından asılı olmayaraq, düşüncə tərzi eynidir - hər oyunda mübarizə aparmaq və qələbə qazanmaq.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.