Savaşa qədər və savaş başlayandan sonra Türkiyə İrana atəşkəs və anlaşma üçün vasitəçilik təklif edəndə İran qəbul etmədi, fars hikkəsi, əbədi antitürk ədası imkan vermədi… Tehran Oman versiyasına razılıq verdi. Sonuc – 40 gün ABŞ-İsrail gücləri İranı darmadağın etdi. Tehranda faktiki həyat yoxdur. Milyardlar dəyərində obyektlər, hava limanları, iqtisadiyyatın qan damarları olan yüzlərlə iri fabrik sıradan çıxarılıb. Əli Xameneyi başda İranın siyasi-hərbi rəhbərliyindən kim qalıb ortada? Üstəlik nə qədər sivil qətlə yetirilib. Humanitar fəlakətin miqyası yoxdur. İranı darmadağın edən SEPAH indi masaya oturmağa məcburdur…
Çünki…
Türkiyə dövlət ağlı ən məqbul yolu seçdi – vasitəçilik missiyasında baş rolu Pakistana verdi. Linkoln gəmisi körfəzə gəlməzdən də nə qədər öncə Türkiyə Pakistanla bölgənin təhlükəsizliyi üçün müzakirələr aparırdı. Arada Pakistan üçün də çətin dönəm oldu – Hindistanla savaş çıxdı. Türkiyə isə bir an belə ipləri əlindən buraxmadı – Suriyada da, İranda da İsrail planlarının irəliləməsinin qarşısını aldı. Hərbi, siyasi gücü ilə nə mümkünsə etdi. İranın ipə-sapa yatmayan çılğın dəli obrazında bölgəni tamamən yandırmasına imkan vermədi.
İsrail İranda iç faktor kimi illərlə bəslədiyi PKK kartını istifadə etməsin deyə daxildə çox böyük riskli sürəc başlatdı. Prezident Ərdoğanın, XİN başçısı Hakan Fidanın açıqlamalarını, hakimiyyət ortağı MHP genəl başqanı Dövlət Baxçalının TBMM-in qrup toplantılarındakı çıxışlarını izləyin. Türkiyənin bölgə üçün necə ağır missiya üstləndiyini və onu necə ustalıqla idarə etdiyini anlayacaqsınız.
Savaşlar həm də siyasət dərsləridir. Dövlətin təhlükəsizliyi üçün alınan risklər necə idarə edilir – bu, havada, quruda, suda silahlar danışanda bəlli olur. Azərbaycanın 2 strateji tərəfdaşı – Türkiyə-Pakistan bu gün supergüc ABŞ-nin içindən çıxa bilmədiyi qlobal problem üçün həm çözüm, həm də qarantiya təklif edir. Açıq və qapalı danışıqların detalları tam bəlli olmasa da Ankara-İslamabad diplomatik təşəbbüslərin hər şey bir yana milyonlarla insanı ölüm təhlükəsindən qurtardığı, bütün bölgə ölkələrini təhdid edən nəhəng humanitar böhranı önlədiyi ortadadır.
Qısası, İran fars ağlı ilə viran olurdu, türk ağlı onu xilas etdi. Yenə…