AZ

Azərbaycanlı müğənninin ölümünə səbəb olan sürücü bağışlandı

Ötən il Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs qismində hakim qarşısına 2002-ci il təvəllüdlü Mehdizadə Seyfulla çıxarılıb.

O, məhkəmədə ifadəsində 1 nömrəli çörək zavodunda gecə növbəsində sürücü işlədiyini, işdən sonra isə icarə əsasında götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. 24 yaşlı gəncin sözlərinə görə, hadisə vaxtı yorğun olduğu üçün onu sükan arxasında yuxu tutub və bədbəxt hadisə qaçınılmaz olub.

Vlada Axundovanın anası məhkəməyə ərizə təqdim edərək Seyfulla Mehdizadə ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. O, həmçinin qızının vəfatı ilə bağlı məhkəmə iclasının ona pis təsir edəcəyini və yaşının nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edib.

Şahid qismində ifadə verən 01-CH-477 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü Sadiq İsaqov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur və hadisə zamanı həyatını itirən Vlada Axundova onun maşınına müştəri qismində əyləşib. Onun sözlərinə görə, Vlada Axundova qeyd edilən ünvana çatanda avtomobildən düşdükdən sonra qapını bağlamaqda çətinlik çəkib və bir neçə saniyə qapını örtməyə çalışdığı anda arxadan gələn maşın "Toyota"ya çırpılıb. Nəticədə Vlada Axundova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qısa olaraq bildirək ki, təqsirləndirilən şəxs idarə etdiyi "Hyundai Elantra" markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus "Toyota"nı arxadan vurub. Qəza nəticəsində 1988-ci il təvəllüdlü Vlada Axundova hadisə yerində ölüb. Hadisə vaxtı Seyfullanın maşınında müştəri qismində əyləşən 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəsarət alıb.

Məhkəmənin qərarına əsasən, Seyfulla Mehdizadə üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Vlada Axundova vaxtilə "Səs Azərbaycan" yarışmasında iştirak etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
12
olaylar.az

10Mənbələr