AZ

Fransa bunlara görə Livanın müdafiəsinə qalxıb


Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəsi alqışlasa da Livanın təhlükəsizliyi təmin olunmadan Yaxın Şərqdə real sülhün qeyri-mümkün olduğunu vurğulayıb.

O, istənilən genişmiqyaslı nizamlanma prosesinə mütləq Livanın da daxil edilməsini tələb edərək, sərhəd boyu davam edən qeyri-sabitliyin bütün Aralıq dənizi hövzəsi üçün risk yaratdığını qeyd edib.

Qeyd edək ki, hazırda Paris Livan ordusuna dəstək və sərhəddə bufer zonasının yaradılması üçün beynəlxalq koalisiya formalaşdırmağa çalışır.

Bəs Livanı Fransa üçün bu qədər əhəmiyyətli və vacib ölkə edən nədir ki, Makron onu bu qədər dəstəkləyir?

Livan Fransa üçün sadəcə Yaxın Şərq ölkəsi deyil, bu ölkə Parisin tarixi, siyasi və mədəni təsir dairəsinin mühüm dayaqlarından biri kimi çıxış edir. Bu münasibətlərin kökləri xüsusilə Birinci Dünya müharibəsi sonrası dövrə gedib çıxır. Həmin dövrdə Fransa Livan üzərində mandat idarəçiliyi quraraq burada həm inzibati, həm də mədəni təsir mexanizmlərini formalaşdırdı. Bu tarix bu gün də iki ölkə arasındakı münasibətlərin əsasını təşkil edir.

Fransa üçün Livanın əsas önəmlərindən biri onun geosiyasi mövqeyi ilə bağlıdır. Livan Şərqi Aralıq dənizi hövzəsində yerləşməklə regionda baş verən proseslərə təsir etmək üçün Parisə strateji platforma verir. Ümumilikdə Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Livan Fransa üçün diplomatik dayaq nöqtəsi rolunu oynayır. Paris bu ölkə vasitəsilə regionda həm siyasi, həm də humanitar təsir imkanlarını genişləndirir.

Digər mühüm faktor mədəni və dini bağlılıqlardır. Fransa tarixən Livandakı xristian, xüsusilə maronit icmasının əsas himayədarlarından biri kimi çıxış edib. Bu, Fransaya Livan daxilində “yumşaq güc” alətləri vasitəsilə təsir göstərmək imkanı verir. Fransız dili və təhsil sistemi Livanda bu gün də geniş yayılıb, bu isə Parisin mədəni nüfuzunu qoruyub saxlamasına şərait yaradır.

Eyni zamanda Livan Fransa üçün iqtisadi baxımdan da əhəmiyyətlidir, baxmayaraq ki, bu sahə siyasi və mədəni faktorlarla müqayisədə daha məhduddur. Fransa şirkətləri Livanın enerji, infrastruktur və bank sektorlarında iştirak etməyə çalışır. Xüsusilə Aralıq dənizində qaz ehtiyatlarının kəşfi fonunda Livanın potensialı Paris üçün daha da aktuallaşır.

Nəhayət, Livan Fransa üçün beynəlxalq imic məsələsində də önəmlidir. Paris özünü qlobal diplomatiyada aktiv vasitəçi kimi təqdim etməyə çalışır və Livandakı siyasi böhranların həllində rol almaq bu imici gücləndirir. Məsələn, Livanda hökumət böhranları və iqtisadi kollaps dövrlərində Fransa tez-tez təşəbbüslərlə çıxış edərək həm Avropa, həm də beynəlxalq səviyyədə liderlik iddiasını nümayiş etdirir. Paris bu ölkəni Yaxın Şərqdə təsir imkanlarını qorumaq və genişləndirmək üçün vacib qapı kimi görür.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr