AZ

“Ölüm ayaqlardan başlayır”... Durna Ələkbərova: Bir çox xəstəliklərin əsas müalicə prinsiplərindən biri insanın yeriməsidir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ayaqlar beyni qidalandıran vacib orqanlardan biridir. Buna görə də ayaqlarda zəiflik başladıqda, bədəndə qan dövranı ilə bağlı problemlər yaranmağa başlaya bilər. Elə buna görə deyilir ki, “ölüm ayaqlardan başlayır”. Bu barədə türk həkim psixiatr Dəniz Şimşək bildirib. Psixiatr əlavə edib ki, insan ayaqları ilə bağlı problem yaşamağa başladıqda, maraqlıdır ki, ilk təsirlənən əzələ qrupu məhz ayaq əzələləri olur: “Ayaq əzələləri həm sümük sistemi, həm də damar quruluşu üçün ürək kimi fəaliyyət göstərir. Onlar eyni zamanda beynin qanla təmin olunmasına da kömək edir. Johns Hopkins University tərəfindən aparılan araşdırmalar, eləcə də İngiltərədə bir universitetin tədqiqatı göstərir ki, ayaq sağlamlığı beyin sağlamlığı üçün genetik faktorlardan daha önəmli ola bilər. Bu araşdırmalarda genetik risklərlə müqayisə aparılıb. Məsələn; genetik olaraq Alzheimer riski yüksək olan və ya beynində damar zədələnməsi olan bir insan ayaq əzələlərini inkişaf etdirdikdə, beynini qorumağa başlayır”.Ayaq əzələlərinin zəifləməsi beyin qanlanmasına və beyin sağlamlığına necə təsir edir?

Kliniki Tibbi Mərkəzin həkim-nevroloqu Durna Ələkbərova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, insanın günlük rejimi normaldırsa, bu insan sağlamdır deməkdir: “Ümumiyyətlə dayaq hərəkət sistemi insan orqanizmində əsas orqan və sistemlərdən biridir”.

Sağlam orqanizm dedikdə nə nəzərdə tuturuq?

“İnsanın günlük rejimi normaldırsa, bu insan sağlam insan qrupuna aiddir. Səhər yuxudan vaxtında qalxır, öz gigiyenasına sərbəst özü icra edir, yaxud sərbəst özü-özünə qulluq edə bilir, işinə gedir -bunların hamısını icra edən adam sağlamdır. Bu hərəkətlərin icra edilməsi də əlbəttə ki, aşağı ətraflar vasitəsi ilədir. İnsanın bütün orqanizmi sağlam olmalıdır, ən əsas da aşağı ətrafların funksiyasını normal icra etməlidir ki, insan bütün gündəlik tələbatlarını icra edə bilsin. Aşağı ətraflar birbaşa beyin qan dövranına birbaşa təsir göstərmir, lakin sağlam orqanizmdə istənilən damar xəstəlikləri zamanı məsələn, beyin damar xəstəliklərində , ürək-damar xəstəliklərində biz əməliyyatda belə xəstəyə məsləhət görürük ki, durub hərəkət etsin. Hətta beyin əməliyyatı keçirən xəstələrə 1 həftə sonra yavaş-yavaş hərəkət etməyi məsləhət görürük. Eyni zamanda insult xəstələrinə də məsləhət görürük ki, hərəkət etsin, yerisin və tədricən yeriş müddətini-gündə 2-3 km-ə qədər çatdırırıq. Ürək problemi olan insana da çox yerimək tövsiyə olunur, çünki yeriş zamanı qan dövranı sürətlənir və qan dövranı sürətlənəndə artıq tromb əmələ gəlmə riski olmur. İnsanda digər yanaşı xəstəliklər əmələ gəlmir. Şəkərli diabet xəstələrinin də müalicəsinin əsas prinsipi çoxlu yeriməkdir. Bir çox xəstəliklərin - həm nevroloji, həm kardioloji, həm endokrinoloji xəstəliklərin - əsas müalicə prinsiplərindən biri insanın yeriməsidir. Bəzi xəstəliklər var ki, məsələn, insultlarda, polineyropatiyalarda, iltihabı xəstəliklərdə, onurğa beynin iltihabı xəstəliyi, dağınıq skleroz degerenativ xəstəliklərdə insan yerimə qabiliyyətini itirir, eləcə də ağır formalı parkinson xəstələrində. Yerimə qabiliyyətini xəstə itirdikdə bu xəstənin ölümlə nəticələnəcəyinin tezləşməsi deməkdir”-deyə Durna Ələkbərova qeyd edib.

Yeriyən zaman aşağı ətraflar beyin qan dövranına, ürək qan dövranına birbaşa təsir göstərməsə də, dolayı yollarla necə təsir göstərir?

“İnsan hərəkət etdikcə ürəyə gələn venoz qanın miqdarı artır. Bu da ürək qan dövranını yaxşılaşdırır. Ürək qan dövranı yaxşı olanda, beyin qan dövranı da yaxşı olur. Əgər ürək fəaliyyəti zəifdirsə, belə insanlarda beyin xəstəliyinə tutulma ehtimalı demək olar ki, yüksək faizlədir. Çox vaxt belə ürək problemi olan xəstələrin çoxusunda, insult xəstələrində, ümumiyyətlə anemnez toplayanda ürək probleminə rast gəlirik. Ona görə də aşağı ətrafın hərəkəti normal olmalıdır ki, ürək qan dövranı yaxşı olsun. Çünki belə olanda beyin qan dövranı da yaxşı olur. Birbaşa olmasa da, dolayı yolla aşağı ətrafların beyin qan dövranının normallaşmasında böyük əhəmiyyəti var.

İnsult keçirmiş xəstələrə, nə qədər ağır formalı insult olsa belə reanimasyon xəstə deyilsə, nevrologiya şöbəsinə köçürülübsə, bu xəstələrə biz 3-4 gündən sonra müəyyən fizioterapevtik hərəkətlər təyin edirik. Burda ayaq əzələləri dedikdə məhz, bu ayağı üstündə fikirlərimizi fiksasiya etmirik. Qeyd etdiyim kimi hərəkət etmək orqanizmin sağlamlığının qoruyucusudur. İnsan nə qədər çox hərəkətdə olarsa, bir o qədər sağlamdır deməkdir. Xəstə hərəkətsiz olsa, biz demək olar ki, onu itirirk. Məsələn, xəstə hərəkət edə bilir, yaxud o ruhda deyil, özündə güc toplaya bilmir – bu zaman o xəstələrin ağırlaşma ehtimalı gec bərpa olunmaq ehtimalı var. Hansı xəstə özü sağlamlığı ilə bağlı mübarizə aparır, yataq rejimi ilə razılaşmayıb hərəkət etmək istəyir, elə pasientlərdə biz daha çox irəliləyişlər görürük. Onlar bir müddətdən sonra tam mənada olmasa da, çox böyük faizlə öz vəziyyətlərinə qayıtmış olurlar”, - deyə Durna Ələkbərova vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
bizimyol.info

1Mənbələr