Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Hamı müharibədə qalib gəlmək istəyir, heç kim müharibəyə qalib gəlmək istəmir" demişdim. Bu dəfə də heç kim qalib gəlmədi, müharibə qalib gəldi. Müharibənin qalib olduğu yerdə isə hər kəs apriori məğlubdur. Bəli, təkcə xoşbxtlikdən yox, həm də bədbəxtlikdən Dünya çox kiçilib; dediyim kimi, Yer kürəsinin bir yerində atılan güllə hər yerində hər kəsə dəyir.
Bu dəfə də elə oldu. Ancaq bəşəriyyətin öncülləri hələ də Yer kürısinin anasını ağlar qoymaq “həzz”indən vaz keçmir.
...Uşaq vaxtı qardaşlarımızla, qonşu uşaqlarla çox "dava-dava" oynamışıq; "düşməni" yalandan "vurmuşuq" da, yalandan "vurulmuşuq" da, "öldürmüşük" də, "ölmüşük" də. Oyun bitəndə isə bir az əvvəl "döyüşənlər" qol-boyun olub gedərdi, bir qabdan yemək yeməyə...
Bu dəfə isə müharubə Yaxın Şərqin özündən də yaxındaydı; Naxçıvan hava limanına İrandan atılmış dron müharibənin sərhədlərinizə gəlib dirəndiyininəyani isbatıdır.
Bu müharibə "realiti şou"sunda hərə bir tərəfə alqış tuturdu; kimisi ABŞ-İsrail tandeminə, kimi Çin-İran cütlüyünə azarkeşlik edirdi. Mən isə Azərbaycan-Türkiyə qardaşlığının heyranlarından biriyəm. Yəni mən özümüzü izlədim.
Bəli, bu müharibə - ölkəmizin qonşuluğundan gedən bu savaş bizi çox narahat edirdi. Hətta təhdid altındaydıq; bizi də istəmədən bu müharibənin içinə çəkməyə çalışanlar vardı. Fərqi yoxdur hansı tərəfdən. Ancaq nə Azərbaycanı, nə Türkiyəni bu avantüraya qoşmağa kimsənin ağlı, ya da gücü yetmədi. Azərbaycan, eləcə də, Türkiyə nə müharibənin tərəfi oldu, nə zərərçəkəni.
Bu 6 həftlik savaşın qalibləri olmadı, məğlubları isə var. Əslində bu müharibədə uduzan ordular deyil, xalqlardır. Əgər buna qədər xalq İranda rejimi dəyişməyə daha yaxın idisə, küçələrə axışırdısa, klerikal hakimiyyəti silkələyib yıxmağa çalışırdısa, müharibə şəraitində yenə çıxıb, Amerika-İsrail bombardmanından ölkəsini qorumaq üçün toplaşdı. Əslində bu müharibə İranda hakimiyyəti devrilməkdən qorudu və xalq yenə uduzdu. Amerikanın, İsrailin raketləri bu 6 həftə ərzində təkcə İranın hərbi bazalarını, ordu qərargahlarını, silah anbarlarını deyil, həm də İranlıların gələcəyə dair xəyallarını dağıdırdı. Çox paradoksal haldır: ABŞ özünə qarşı olan qüvvələri İranda daha da gücləndirdi. Bəli, Prezident Trampla, İsrailin baş naziri Netanyahu İranın ali liderlərini, hərbi, siyasi, kəşfiyyat, ordu strukturlarının rəhbərlərini məhv edirdi. Ancaq çox qısa müddətdə həmin adamların yerinə gəlirdi.
Nə isə. Mən bu mövzuya çox vaxt sərf eləmək istəmirəm. Bircə onu deyəcəm: bir yanda sülhdən danışa-danışa, çağdaş tarixin ən mənasız müharibəsini edən Tramp var, o biri yandan isə, dünən, srağagün fərqli düşüncələrinə görə qırıb çatdığı xalqının çiyinlərində hakimiyyətini uzadanlar var.
Bunları bir kənara buraxaq. Əsas mətləb budur: Azərbaycan özünü yenə də sabitlik və təhlükəsizlik adası, regionda sülhün və inkişafın lokomotivi kimi qoruyub saxladı. Elə bir məqama fikir verək: Tramp İranı yox edəcəyi barədə sağa-sola ultimatum saçdığı zaman, Azərbaycan prezidenti Gürcüstanlı həmkarları ilə bölgədə sülhü, dinc tərəfdaşlığı möhkəndirməklə məşğul idi. Pentaqon İranda körpüləri, yolları bombardman etdiyi anlarda, İlham Əliyev baş nazir Kobaxidze ilə regional nəqliyyat dəhlizlərinin genişləndirilməsini, ötürücülük tutumunun artırılmasını müzakirə edirdi. Qonşuluqda raketlər havada uçuşurkən - müharibə tərəflər ölüb-öldürmə qovğası apararkən, Azərbaycan Tiflisdə Gürcüstan liderləri ilə region xalqları üçün daha yaxşı həyat axtarışında idi. Azərbaycan regionun və dünyanın böyük-böyük ölkələrinə müharibəsiz yaşamağın ustad dərsini verdi.
ABŞ-İsrail və İran qarşıdurması fonunda Azərbaycan müharibəsiz yaşamağın ən inandırıcı isbatı, ən yaxındakı canlı nümunəsi oldu. Onu bu müharibəyə çəkməyə çalışanlara yerini də göstərdi, humanitar yardım da göstərdi... Dostla dostluq, yaxın qonşu ilə daha yaxın qonşuluq edə bildiyinə də, düşmənçilik edənə cavab verməyə hazır olduğuna da hər kəsi əmin etdi. Azərbaycan bu müharibənin tərəfi, yaxud tərəflərdən birinin dəstəkçisi olmadı və deyil. Ancaq bu durumdan mənəvi qaliblər olaraq ayrılan iki ölkə varsa, onun birincisi Azərbaycandır.
Bütövlükdə ölkə üçün, şəxsən mənim üçün bu müharibənin ən əsas nəticələərindən biri -Azərbaycan cəmiyyətində kimin Amerikapərəst, kimin İsrailpərəst, kimin İranpərəst olduğunun aşkara çıxıb, göz önünə sərilməsi idi. Ən ağrılısı isə tanınmış ziyalı insanlar arasında qadın-uşaq qatillərinə əl çalanların olması idi. Ad çəkməyə lüzum yoxdur; hər kəs gördü...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.