AZ

Utanmasan oynamağa nə var ki?

ABŞ, İsrail-İran müharibəsində atəşkəs əldə olundu. Hər iki tərəf özünü qalib elan edib. Hələ bu harasıdır, böyük şoular qabaqdadır. Amma, tərəflərdən kiminsə ideoloji-psixoloji-informasiya təbliğatı altında olanlardan və nələrinsə qarşılığında tərəflərdən birinin agent-şoumenliyini edənlərdən fərqli olaraq vəziyyətə real göz yetirək.

Müharibə başlamadan öncə tərəflərin tələbləri və şərtləri:

 

ABŞ-İsrail

 

1. İran nüvə proqramından imtina etməli və nüvənin zənginləşdiriməsi dayandırılmalı, 60 faizə yaxın zənginləşdirilmiş 450-500 kq məhsul İrandan çıxarılmalıdır;

2. İran qitələrarası və ballistik raket proqramından imtina etməli, uzaqmənzilli raketlərə mənzil məhdudiyyəti tətbiq olunmalıdır;

3. İran dinc məqsədli nüvə mərkəzlərinə beynəlxalq monitorinqi qəbul etməlidir;

4. İran proksi qüvvələrdən imtina etməli, maliyyələşdirməni və silahla təminatı kəsməli, bu qüvvələr vasitəsilə qonşu dövlətlərin daxili işlərinə qarışmağı dayandırmalıdır;

5. Rejimə qarşı etiraz edən vətəndaşlara qarşı represiyaları, xüsusilə etirazçıların öldürülməsini dayandırmalıdır.

 

İran

 

1. Dinc nüvə proqramı (60 % zənginləşmə heç bir halda dinc məqsədli ola bilməz) İranın daxili işləridir və heç bir dövlət İranın daxili işlərinə qarışa bilməz;

2. İranın raket proqramı dövlətin təhlükəsizliyinin əsas elementlərindən biridir və İranın təhlükəsizlik məsələ heç bir dövlətlə müzakirə predmeti ola bilməz (keçmiş ali dini lider);

3. Proksi qüvvələri İran İslam İnqilabı ideyalarının ixracı ideologiyasının aparıcı elementidir, heç kimin daxili işlərinə müdaxilə vasitəsi deyil, İslam inqilabı düşmənlərinə müqavimət oxunun müstəsna tərkib hissəsidir, İslam inqilabı düşmənlərinin tələbilə bu alətdən imtina edilə bilməz;

4. İranda düşmənlərin (sionistlərin) dəstəyi ilə hakimiyyəti devirmək istəyənlərə və terrorçulara ABŞ, yaxud İsrail tələb edir deyə güzəşt edilə bilməz, bu, ölkənin daxili işləridir.

Tərəflərdən heç biri qarşı tərəfin tələb və şərtləri ilə razılaşmağı üçün (hətta Araqçı bir qədər də irəli gedərək İranın 10 nüvə başlığına (çirkli bomba) sahib olma imkanı danışıqlar gedişatında nümayişkəranə surətdə bəyan edir) 28 fevral tarixində hərbi əməlliyyatlar başlayır.

 

Müharibə başladıqdan sonra tərəflərin irəli sürdüyü əlavə şərt və tələbləri qeyd edək (hərbi əməliyyatlardan öncə səslənən tələblərə əlavə):

 

ABŞ-İsrail

 

1. İranda rejim dəyişdiriləcək;

2. İranda yeni qurulacaq rejim ABŞ və İsraillə yanaşı, region dövlətləri üçün də təhdid mənbəyi olmayacaq;

3. İran nefti ABŞ-nin maraqları çərçivəsində dünya bazarlarına nəql ediləcək;

4. Hörmüz boğazı İran yurisdiksiyasından çıxacaq, rejimin əlində iqtisadi təsir aləti funksiyasını itirəcək;

5. Hörmüz boğazını verilən son tarixə kimi açıb, müvəqqəti atəşkəsə razılaşmasanız İranı daş dövrünə qaytaracağıq.

 

İran

 

1. ABŞ-İsrailin bölgədəki maraqları məhv ediləcək, bu qüvvələrə dəstək verən hər bir tərəf cəzalandırılacaq;

2. Nüvə zənginləşdirilməsi və raket texnologiyası müttəfiqlərin dəstəyi ilə davam etdiriləcək və heç bir halda danışıqlar predmetinə çevrilməyəcək;

3. ABŞ və İsraillə onların təslimiyyətinə əsaslanmayan heç bir danışıqlar aparılmayacaq, danışıqlar yalnız hücumların qeyri-şərtsiz dayandırılmasına və vurulan ziyana görə təzminat ödənişi razılaşdırılmayana qədər aparılmayacaq;

4. İran müvəqqəti atəşkəs razılaşmasına getməyəcək, istənilən atəşkəs təşəbbüsü rədd edilir;

5. Hörmüz boğazı və onun statusu heç bir danışıqların predmeti olmayacaq, Hörmüz İranın daxili qaydaları əsasında idarə olunacaq;

6. Hörmüz boğazı bir də heç vaxt ABŞ, İsrail və müttəfiqləri üçün açılmayacaq;

7. Körfəz ölkələrinin ənənəvi ABŞ mərkəzli təhlükəsizlik çətirinə, ABŞ-nin qlobal hegemon nüfuzuna elə zərbələr vuracağıq ki, postmünaqişə dövründə körfəz ölkələri təhlükəsizlik arxitekturasına yenidən baxmalı olmaqla yanaşı, ABŞ və Trampın beynəlxalq nüfuzu yerlə bir olacaq;

8. İran rejimi və xüsusilə SEPAH Trampın Hörmüzlə və müvəqqəti atəşkəslə bağlı son xəbərdarlığını qəbul etmədiyini bəyan etdi, hətta SEPAH “təmkinli davranış bitdi, bundan sonra ABŞ, İsrail və tərəfdarları gücümüzün nə olduğunu görəcək”, kimi sərt bəyanatını səsləndirdi.

 

Son olaraq baş verənlərə və hansı tərəfin hansı tələb və şərtlərindən geri çəkildiyinə, hansı tələbləri qarşı tərəfə qəbul etdirə bildiyinə, hansı şərt və tələblərin qəbul edilmədiyinə, yaxud, hələki qəbul edilmədiyinə nəzər yetirək;

 

ABŞ-İsrail

 

1. İranın nüvə proqramından imtinasına nail olunubmu? Hələ ki yox (Gedişat davam edir, məsələ bitmiş sayıla bilməz, hətta müəyyən dövrlərdə 60% faiz zənginləşmiş uranın üçüncü ölkəyə daşınmasına hazır olduqları ilə bağlı mesajlar ötürülüb).

2. İran raket proqramından imtina edib? Yox. Amma, məsələ bitmiş sayıla bilməz.

3. Nüvə mərkəzlərinə beynəlxalq nəzarəti İran hərbi əməliyyatların ilk günlərindən qəbul etdiyini, müzakirələrə hazır olduğunu bəyan edir;

4. Proksi qüvvələrdən imtinaya nail oluna bilindimi? Xeyr. Amma, İranın proksi qüvvələrə təsir və dəstək göstərməsi imkanları, eləcə də İranın proksi qüvvələri bərpaolunmayacaq qədər zərbələr aldı və proses hələ də davam edir (İsrailin Hizbullaha qarşı əməliyyatları İranla atəşkəs razılaşmasına daxil etməməsi);

5. Hərbi əməliyyatlar başlayandan həbs olunan etirazçılar, onların edam olunub-olunmaması nə ABŞ-nin, nə də İsrailin gündəliyində yer almır;

 

İran

 

1. Nüvə proqramının dinc məqsədli olduğunu bəyan edib (60% zənginləşmə və dinc məqsəd...), müzakirəyə açıq olduqlarını bəyan edirlər;

2. Raket proqramından imtina olunduğu haqda heç bir açıqlama yoxdur, amma, müzakirə mövzusu ola biləcəyini qəti şəkildə istisna etmirlər;

3. Proksi qüvvələr indiki halında İranın, xüsusilə özünüqoruma instiktindən çıxış edən dini və hərbi rəhbərliyin günün hansı vaxtında yadlarına düşür, hesab edirəm, özləri belə bilmir (istəsələr belə, proksi qüvvələrlə kommunikasiya və logistik imkanlar tam olaraq sıfırlandığından bu əlaqələri qura bilməyəcəklər);

4. Hakimiyyətə etiraz edənlərin taleyinin ABŞ və İsrail üçün əhəmiyyətsiz olduğunu, bunu bir təziq aləti kimi istifadə edildiyini bilən İran rejimi (məhkəmə hakimiyyətinin rəhbərinin timsalında) həbs olunanlara qarşı daha amansız davranmağa başlayıb.

 

Əməliyyatlar başladıqdan sonra irəli sürülən tələblər və verilən bəyanatların bugünkü icrası vəziyyətini təhlil edək:

 

ABŞ-İsrail

 

1. İranda rejim dəyişikliyi baş verməyib;

2. Rejim dəyişməsə də, daha loyal yanaşma və ABŞ-İsrailin bölgə maraqlarına təhdid ola biləcəyi indiki imkanlarda ciddi sual altında olmaqla yanaşı, bie neçə gün sonra başlayacaq danışıqlarda rejimi qorumaq üçün hansı razılaşmalara gedəcəkləri qarşıdakı günlərdə aydın olacaq;

3. İran nefti ABŞ maraqları nəzərə alınmaqla, yəni Çinin iqtisadi qüdrətini gücləndirəcək element siyahısından çıxmaqla, dünya bazarlarına çıxarıcaqmı? Böyük ehtimalla, hə. Nəzərə almaq lazımdır ki, çox ucuz qiymətə deyil, dünya bazar qiymətlərinə neft satışı İran rejiminin də maraqlarına uyğundur;

4. Hörmüz boğazının hüquqi statusu İranın populist bəyanatlarının əksinə, əsas müzakirə mövzusu olacaq və İran bir də heç vaxt bu boğazı özünün iqtisadi terror aləti kimi istifadə edə bilməyəcək. Bu nəinki ABŞ-nin, hətta İranın müttəfiqlərinin belə maraqları ilə üst-üstə düşür.

5. Trampın bu tələbi populist bəyanatların əksinə İran molla rejimi və SEPAH tərəfindən qeyri-şərtsiz qəbul edildi. Atəşkəsin yalnız ABŞ və Trampın maraqlarına xidmət etdiyi bəyan edildiyi halda, atəşkəs qəbul edildi.

 

İran

 

1. ABŞ və İsrailin bölgədəki maraqları nəinki məhv edildi, İrana vurulan zərbələr, İranın verdiyi itkilər qaşısında, gözə belə görünmür;

2. Ard-arda öldürülən SEPAH liderlərinin dilindən səslənən isterik və pafoslu bəyanatların əksinə, İranın nüvə proqramı əhəmiyyətli dərəcədə zəiflədilib və müzakirə mövzusudur;

3. İran tərəfindən atəşkəs razılaşması nəinki aparıldı (İranın əvvəlki şərtləri əksinə hücumdaların birdəfəlik bitməsi deyil), hətta İran qeyri-şərtsiz bu razılaşmaya imza atdı;

4. İran məhz ABŞ-nin diktə etdiyi müvəqqəti atəşkəsə razılaşmalı oldu, hücumların olmayacağına zəmənətdən, vurulan zərərin ödənməsindən söhbət belə gedilməyən müvəqqəti atəşkəs razılaşması;

5. Hörmüz boğazı İranın bəyanatlarının əksinə qarşıdakı danışıqların əsas predmetlərindən biridir;

6. Hörmüz boğazı İranın bəyanatlarının əksinə, dərhal və qeyri-şərtsiz açılır;

7. Körfəz ölkələri bundan sonra, məhz bu nəticələrə görə ABŞ-dən daha çox yapışmalı olacaqlar. Hələ üstünə, İsraillə münasibətlər körfəz ölkələri və ərəb dünyası üçün daha böyük əhəmiyyət kəsb etməyə başlayacaq.

Beləliklə, ABŞ-İsrail cütlüyü qarşıya qoyduğu böyük planların çox az bir hissəsinə nail ola bilib, ən əsası rejim dəyişdirilməyib. Amma, İran artıq o vəziyyətdə deyil ki, əməli addımlar bir kənara, pafoslu bəyanatlarla belə ABŞ, yaxud İsrailə şərt səsləndirə bilsin (Yəqin ki, 10 bənddən ibarət İran təkliflərinin müzakirə predmeti olacağı nağıllarını ciddi qəbul etmirsiniz). Tramp uğurlu gediş edərək, əhəmiyyətli risklər astanasında həm öz imicini, həm ABŞ-nin qlobal güc nüfuzunu qoruya bildi, eyni zamanda enerji daşıyıcılarının kəskin bahalaşması fonunda beynəlxalq pressinqi öz üzərindən əks tərəfə yönləndirə bildi. Digər tərəfdən, bundan sonra liberal Qərb, xüsusilə NATO çərçivəsində Tramp və ABŞ ilə dil tapmağa, müharibə fonunda zədələnmiş münasibətləri bərpa etməyə çoxsaylı cəhdləri görsək təəccüblənmərik.

İranın aparılan böyük təbliğat nağıllarının əksinə nəinki güclü dövlət olmadığı, hətta, dövlətçilik təfəkkürü ilə idarə olunmayan, tayfa, qrup maraqlarına dövlət və xalq maraqlarını qurban verməyə hazır olan terror çetesi olduğu üzə çıxdı (dövlət təfəkkürü xalqın, dövlətin maraqları naminə addımları zəruri etdiyi halda, terror təfəkkürü dövlət və xalq maraqlarını öz maraqları naminə qurban verməyi, onu özünü qorumaq üçün sipərə çevirməyi diktə edir. İranın, SEPAH-ın davranışlarında olduğu kimi. Məsələn, ABŞ-İsrail bombardımanları zamanı xalqı sığınacaqlara çağırmaq, onların təhlükəsizliyini düşünmək əvəzinə, biz, sadə xalqın bombalanacaq obyektlərin qarşısına toplanmağa, yəni, ət sipəri çəkməyə dəvət edildiyini gördük, öz çete, terror maraqlarından bir addım belə geri çəkilməmək üçün əliyalın, dinc insanların düşmən raketləri qarşısına çıxarılmasının başqa hansı adı ola bilər?)

İstənilən atəşkəs razılaşması yalnız ABŞ və Trampın maraqlarına xidmət edir, deyən İran rejimi nədənsə tələm-tələsik dedikləri bütün sözlərdən qaçaraq, atəşkəs razılaşması imzaladı.

Hörmüz ABŞ, İsrail və müttəfiqləri üçün heç vaxt açılmayacaq bəyanatı nədənsə çox tez yaddan çıxdı və boğaz açılası oldu, həm də hamı üçün və qeyri-şərtsiz.

Vurulan zərərlərə görə təzminat öhdəliyi götürülmədən heç bir danışıqlar ola bilməz bəyanatından bir xəbər varmı, son dəfə bu bəyanatı kim və harada görüb?

Ölkənin hava məkanı tam olaraq ölüm şüarı səsləndirdiyiniz, tarixin səhnəsindən siləcəyinizi gecə-gündüz bəyan etdiyiniz İsrail və ABŞ-nin total nəzarəti altındadır.

Beləliklə, təhlillərimizdən gəldiyimiz yekun nəticəyə əsasən, ABŞ-İsrail cütlüyü tam qalib olmasa da, 39 günlük qarşıdırmanın sözsüz üstün tərəfidir və böyük ehtimalla danışıqlarla bu üstünlüyü həm legitimləşdirməyə, həm də çərçivələrini genişləndirməyə çalışacaqlar.

İran tərəfi isə, dövlət və xalq olaraq tam məğlub edilib, sındırılıb və təhqir olunub. Baiskar isə, öz marginal maraqlarını qorumaq naminə dövləti və xalqı, onların maraqlarını güdaza verən dini cameə və SEPAH-dır.

Ayrılıqda, İran dövləti və xalqından fərqli olaraq molla rejimini və SEPAH-ı 40 günlük toqquşmaların məğlub tərəfi saymaq olmaz, hətta, bəzi hallarda üstünlük əldə edən tərəfi də hesab etmək olar.

İranda artıq başlanan qələbə bəyanatları da əslində reallıqları əks etdirir: İran dövlət və xalq olaraq məğlub edilib, molla rejimi və SEPAH ki yox!!! Qələbə şüarlarının, bayramın xalqa, dövlətə nə aidiyyatı? Qələbəni də, bayramı da mollalar və prosesdən sağ çıxmağı bacaran SEPAH generalları edir.

İndi məlum oldumu, utanmadan oynamağa başlayan kimi?!!!

Seçilən
33
vaxt.az

1Mənbələr