AZ

Xaliq Kərimli: Sərgilərdə iştirak Azərbaycanın turizm potensialına müsbət təsir göstərə bilər

Azərbaycanın turizm imkanları Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart 2026” (PTM) sərgisi və İslamabad şəhərində təşkil olunan “PTM Roadshow” silsilə tədbirləri çərçivəsində təqdim olunub.

İqtisadçı Xaliq Kərimli QHT.az-a açıqlamasında hesab edir ki, Azərbaycanın beynəlxalq sərgilərdə iştirakı ölkənin turizm potensialının təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür tədbirlər turist axınının artmasına müsbət təsir göstərə bilər.

X.Kərimli sözlərinə görə, sərgilərdə iştirakın mənfi nəticə doğuracağı gözlənilmir. O bildirib ki, bu proses ən pis halda heç bir dəyişiklik yaratmaya bilər, lakin daha real ehtimal müsbət təsirin müşahidə olunmasıdır. “Burada mənfi heç bir şey olmayacaq. Yalnızca heç nə olmaya bilər ya da müsbət təsir göstərə bilər” – deyə iqtisadçı qeyd edib.

Xaliq Kərimli bildirib ki, belə sərgilər yalnız turizm potensialının tanıdılması ilə məhdudlaşmır, eyni zamanda turizm təşkilatları arasında əlaqələrin qurulmasına da xidmət edir. Onun fikrincə, yerli turizm şirkətləri ilə Pakistan şirkətləri arasında əməkdaşlıq imkanlarının yaranması ölkəyə bu ölkədən turistlərin cəlb olunmasına dəstək verə bilər.

İqtisadçı vurğulayıb ki, formalaşacaq biznes əlaqələri gələcəkdə turizm sektorunda daha geniş əməkdaşlıq perspektivləri aça bilər. “Bu da ölkəyə Pakistan turistlərinin cəlbinə kömək edə bilər”– deyə o əlavə edib.

X.Kərimli sonda qeyd edib ki, prosesin faktiki nəticələrinin necə olacağı sərgidə iştirak edən şirkət nümayəndələrinin peşəkar qabiliyyətindən, imkanlarından və ümumi vəziyyətdən asılı olacaq. Onun sözlərinə görə, yekun təsirin müsbət olub-olmaması məhz bu amillərlə müəyyənləşəcək.

Fatimə Nəbiyeva

Seçilən
20
qht.az

1Mənbələr