AZ

İki həftəlik atəşkəs neft bazarını BELƏ SİLKƏLƏDİ: ƏN SON QİYMƏTLƏR

ABŞ prezidenti Donald Trampın Pakistanın təklif etdiyi iki həftəlik atəşkəs planını qəbul etməsindən sonra xam neftin qiyməti kəskin şəkildə ucuzlaşaraq bir barrel üçün 100 dollardan aşağı düşüb.

Musavat.com "Axios"a istinadən xəbər verir ki,  bu eniş 1991-ci il Körfəz müharibəsindən bəri neft bazarlarında qeydə alınan ən böyük birgünlük ucuzlaşmadır.

Qlobal etalon hesab edilən Brent markalı neftin fyuçers qiymətləri təxminən 13% azalaraq bir barrel üçün 95 dollara enib. Bununla belə, mövcud qiymət hələ də fevral ayının sonunda hərbi əməliyyatlar başlamazdan əvvəlki 73 dollarlıq səviyyədən xeyli yuxarıdır. ABŞ-nin etalon xam nefti olan WTI-ın qiyməti isə 14% azalaraq 96 dollara düşüb. Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 1 ABŞ dolları və ya 0,71% azalaraq 140,68 ABŞ dolları olub.

Prezident Tramp bildirib ki, əldə olunmuş razılaşma İranın Hörmüz boğazını "tamamilə" yenidən açmasından asılıdır. Dünya dəniz neft ticarətinin təxminən dörddə birinin keçdiyi bu su yolunun faktiki bağlanması neft bazarı tarixindəki ən böyük fasiləyə səbəb olmuşdu.

İranın Xarici İşlər Nazirliyi ölkənin Ali Milli Təhlükəsizlik Şurası adından bəyanat yayaraq bildirib ki, boğazdan keçid "İran Silahlı Qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla mümkün olacaq". Lakin bu məhdudiyyətlərin nədən ibarət olduğu barədə əlavə məlumat verilməyib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) neft analitiki Kleiton Sigl qeyd edir ki, əsas məsələ gəmi operatorlarının neft, mayeləşdirilmiş təbii qaz (LNG) və digər məhsulların daşınmasını bərpa etmək üçün bu dar su yoluna nə dərəcədə etibar edəcəyidir:

"Gəmi operatorlarının hücuma məruz qalmayacaqlarına olan əminliyi enerji axınının bərpa olunub-olunmayacağını müəyyən edən yeganə meyardır. İndi əsas sual Tehranın gəmi operatorlarına fəaliyyətlərini təhlükəsiz şəkildə davam etdirə biləcəklərinə dair yeni zəmanətlər verib-verməyəcəyidir".

Atəşkəs xəbərinə baxmayaraq, neft bazarı hələ də gərgin olaraq qalır. İraq, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər və Bəhreyn ixrac yollarının bağlanması səbəbindən mart ayında gündəlik hasilatı kollektiv şəkildə 7,5 milyon barrel azaldıblar.

Məlumat üçün bildirək ki, bu gərginlik fonunda "Dated Brent" (fiziki barrels) qiyməti 144,42 dollara çataraq, 2008-ci il maliyyə böhranı zamanı qeydə alınan tarixi rekordu təzələyib. Ekspertlər atəşkəsin qüvvədə qalacağı təqdirdə, yanacaq qiymətlərində həftə sonuna qədər müəyyən rahatlamanın müşahidə olunacağını proqnozlaşdırırlar.

Musavat.com

Seçilən
31
26
musavat.com

10Mənbələr