
Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti 2025-ci ildə ən çox vergi ödəyən 100 şirkətin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, ən böyük vergi ödəyicisi olan 100 şirkət arasında ölkənin aparıcı bankları da var.
Qeyd edək ki, banklar arasında ən çox vergi ödəyən “Kapital Bank” ASC olub. “Kapital Bank” ötən il dövlət büdcəsinə 131,9 milyon manat köçürüb və ən çox vergi ödəyən 100 şirkət arasında 11-ci yerdə qərarlaşıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ildə “Kapital Bank” büdcəyə daha çox vergi ödəyib. Belə ki, əvvəlki illə müqayisədə ötən il bankın ödədiyi vergilər 22,7% və ya 38,7 milyon manat azalıb.
İkinci sırada yer alan “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) da ödədiyi vergilər azalıb. ABB 2024-cü ildə dövlət büdcəsinə 131,4 milyon manat vergi ödədiyi halda, ötən il 123,5 milyon manat ödəyib.
Ən çox vergi ödəyən 100 şirkətin siyahısında ölkədə fəaliyyət göstərən 22 bankdan 10-u yer alıb. Əvvəlki ildə bu göstərici 9 olub. Siyahıda yer alan banklardan 5-nin vergi ödəmələri son bir ildə azalıb. 2024-cü ildə siyahıda yer almayan “Xalq Bank” və “Yelo Bank” bu il ilk 100-lüyə daxil olublar. 2024-cü ildə ilk 100-lükdə olan “Rabitəbank” isə bu il siyahıya düşə bilməyib.
Son 2 ildə ən çox vergi ödəyən 100 şirkətin siyahısında yer alan banklar aşağıdakı kimi olub:
Məlumat üçün bildirək ki, ötən il ölkədə fəaliyyət göstərən 22 bankdan 21-i xalis mənfəətlə işləyib. Onların xalis mənfəəti ümumilikdə 910,7 milyon manat olub. Banklar arasında ən yüksək mənfəəti ABB əldə edib. Səhmləri dövlətə məxsus olan bu bankın 2025-ci ildə xalis mənfəəti 261,3 milyon manat olub.
Banklar arasında ili zərərlə başa vuran və bu il ləğv olunaraq kredit təşkilatına çevrilən yeganə bank “Bank BTB” olub. Bu bankın 2025-ci ildə xalis zərəri 0,6 milyon manat olub.
Elnur Əli