AZ

“ABŞ və İsrailin doğru planlaması olmayıb” – Professorun KRİTİK iki həftədən GÖZLƏNTİSİ

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını Ankara universitetinin professoru Toğrul İsmayıl cavablandırıb. Toğrul İsmayılla ABŞ-la İran arasında atəşkəs razılaşması haqda söhbət etmişik. Müsahibəni təqdim edirik:

- Toğrul bəy, iki həftəlik atəşkəs razılaşması və hadisələrin ümumi nəticələrini necə dəyərləndirirsiniz?

- Gözlənilən nəticədir. Əslində, müharibədə dalan vəziyyəti idi. Bu gedişatla İran gərək kütləvi şəkildə bombalanaydı. Buna da ABŞ getmədi. Təbii ki, belə vəziyyətdə müharibədən çıxmaq lazım idi. Çünki müharibənin uzanması iqtisadiyyata təsir edirdi, enerji bazarında bahalaşma gedirdi, Hörmüz məsələsi varıydı. Bütün bunlar çıxılmaz vəziyyət yaratmışdı. Düşünürəm ki, doğru addım atıldı.

- Amma atəşkəsdən bir neçə saat əvvəl Tramp böyük sivilizasiyanın məhv olacağını deyərək İranı hədələmişdi...

- Tramp şişirtməyi sevir. Amma o bəyanatın ardınca bombardmana getsəydi, İranın özünü o dərəcədə müdafiə etmək gücü yox idi. Ona görə də Tehran Vaşinqtonla razılaşmalı oldu. Sadəcə, Trampın tərzi və ritorikası fərqlidir. Hətta bəzən söyüşdən istifadə edir. Bu da ABŞ cəmiyyətində normal qarşılanmır. Bu müharibədən tək çıxış yolu hərbi əməliyyatların davam etdirilməməsi idi. İran Hörmüz boğazı ilə qarşı tərəfə təsir göstərə bildiyini düşünürsə, o zaman keçidi bağlı saxlamaqla öz dostları da Tehrandan üz çevirə bilərdi. Sadəcə, İran əlindəki vasitələrdən maksimum istifadə etdi. Amma İran Hörmüz boğazını uzun müddət bağlaya bilməzdi və müttəfiqlərinə də zərər vurardı. Çünki Hindistan, Pakistan da bu boğazdan istifadə edir, neft məhsulları alır. Trampın məsələni həll etdiklərini deməsi isə qapı aralamaqdır. Bundan sonra tərəflər danışıqlarda öz maraqlarını müdafiə etməyə başlayacaqlar.

- Sizcə, 28 fevraldan başlanan hərbi əməliyyatlarla ABŞ-İsrail koalisiyası əsl məqsədlərinə çata bildimi?

- İsrail üçün İranın zəifləməsi lazım idi və bunu da əldə etdi. Eyni zamanda, İsrail öz zəif tərəflərini və İranın potensialını gördü. Bu hadisələrdə İranın əlində güclü silahlar olduğu da üzə çıxdı. Ancaq İranı bir dövlət kimi məhv etmək ağılasığmaz iş olardı. Başqa bir variant rejimi dəyişmək üçün quru qoşunları yeritmək idi. Bu da itkilərə səbəb olacaqdı və ABŞ-da tənqidlə qarşılanacaqdı. Bəs nə əldə edildi - İran zəiflədildi, təcrübəli liderlərin hamısı öldürüldü, yerinə gələnlər isə təcrübəsizdir, üstəlik, müharibədə hərbi potensial da zəiflədildi. Bu da milyardlarla vəsait itkisi deməkdir. İran sanksiyalar altında bu itkiləri bərpa edə bilməz. Amma rejim dəyişikliyi də olmadı, hərbi gücü də tam yox edilə bilmədi. Belə görünür ki, ABŞ və İsrailin ana məqsədi hədəfsiz idi və doğru planlama olmayıb deyə yekun nəticə yoxdur.

Emil Salamoğlu
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr