AZ

Pakistan Azərbaycana ən çox turist göndərən ölkələr sırasındadır

Azərbaycanın turizm imkanları Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart 2026” (PTM) sərgisi və İslamabad şəhərində təşkil olunan “PTM Roadshow” silsilə tədbirləri çərçivəsində təqdim olunub.

Azərbaycana gələn turistlər arasında Pakistan vətəndaşlarının sayının yüksək olması ölkələr arasında mövcud olan siyasi və mənəvi yaxınlığın nəticəsi kimi qiymətləndirilir. Bu sözləri İqtisadçı Eldəniz Əmirov QHT.az-a açıqlamasında bildirib və onun sözlərinə görə, Pakistandan Azərbaycana gələn turistlərin sayı kifayət qədər yüksəkdir və bu ölkə Azərbaycana ən çox turist göndərən dövlətlər sırasında yer alır. 

O qeyd edib ki, müxtəlif platformalarda Azərbaycanla bağlı təqdimatların aparılması ölkəyə turist axınının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

“Bu tip platformalarda aparılan təqdimatlar ölkəmizə turist axınının artmasına, xüsusilə də pakistanlı turistlərin Azərbaycana üz tutmasının təşviq edilməsinə xidmət edir".

Eldəniz Əmirov bildirib ki, Azərbaycan və Pakistan arasında formalaşmış siyasi yaxınlıq, eləcə də xalqlar arasında mövcud olan səmimi və mənəvi bağlar turizm əlaqələrinin güclənməsində mühüm rol oynayır.

Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı təşəkkür və dostluq duyğuları münasibətlərin yalnız siyasi müstəvidə deyil, iqtisadi sahədə də inkişafına təkan verir.

İqtisadçı vurğulayıb ki, xüsusilə turizm istiqamətində əməkdaşlığın genişlənməsi ölkələr arasında iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

“Pakistanın Azərbaycana turist göndərən ölkələr sırasında ön sıralarda yer alması bilavasitə iki ölkə arasında mövcud olan dostluq və qarşılıqlı bağlardan qaynaqlanır".

E. Əmirovun fikrincə, Azərbaycan və Pakistan arasında mövcud olan yaxın münasibətlər gələcəkdə turizm sahəsində əməkdaşlığın daha da genişlənməsinə səbəb olacaq.

Fatimə Nəbiyeva

Seçilən
29
qht.az

1Mənbələr