2-ci Liqanın 21-ci turunda "Dinamo"nun qonağı olan "Qaradağ Lökbatan" 5 cavabsız qolla qalib gəldi. Qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb darmadağını şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Dinamo" liqanın yaxşı komandalarından biridir. Rəqibin heyəti əsasən gənclərdən təşkil olunub. Təcrübəli futbolçularının sayı azdır. Meydanda çox hərəkət edən, fiziki cəhətdən hazırlılı kollektivdir. Qış fasiləsindən sonra çox inkişaf ediblər. Bizimlə oyuna qədər çıxdıqları görüşlərdə ardıcıl qələbələr qazanaraq ilk "6-lığ"a yüksəlmələri dediklərimə sübutdur.
Oyuna ciddi hazırlaşmışdıq. Üç futbolçumuz - Sabir Allahquliyev, İsa Zeynallı və Rafiq Kərimov çimərlik futbolu üzrə yığma ilə Türkiyəyə yollandıqları üçün onların əvəzinə başqalarını oynatmalıydıq. Təbii ki, üç təcrübəli futbolçumuzun olmaması bizi narahat edirdi. Buna baxmayaraq, onların yerinə oynayanlar və digərləri ümidləri doğrultdular. Məqsəd erkən qol vurmaq idi. İlk yarıda iki dəfə rəqib qapısına yol tapdıq. Belədə, ikinci hissəyə daha rahat çıxdıq. "Dinamo"nun vəziyyəti düzəltmək üçün irəli atılacağını bilirdik. Onların müdafiədəki verdiyi boşluqlardan istifadə edərək fərqi artırdıq. Hesab daha böyük ola bilərdi. Ələ düşən bəzi imkanları qaçırdıq. Amma təbii ki, komandadan razıyam. Uşaqları təbrik edirəm. Qarşıda çox oyunumuz var. Çempionluq uğrunda mübarizəni davam etdirəcəyik".
Toğrul