Sürüşmə sahələrinin aktivləşməsi, təbii ki, həmin ərazilərə alıcıların daha ehtiyatlı yanaşmasına və bu ərazilərə müraciətlərin azalmasına səbəb olacaq.
Bunu Day.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
O bildirib ki, təhlükəsizlik baxımından həmin yerlərdə tikilən və satışa çıxarılan evlər artıq bazarda əvvəlki qədər tələb görməyəcək:
"Eyni zamanda likvidlik məsələsi də ön plana çıxır. Belə ki, həmin ərazilərdə yerləşən evlərin banklarda girov predmeti kimi qəbul edilməsi və alqı-satqıya uyğun sayılması ilə bağlı ciddi problemlər yarana bilər. Bu isə sürüşmə zonasında yerləşən evlərin qiymətinə əhəmiyyətli təsir göstərəcək".
V.Oruc qeyd edib ki, yağıntıların artması, sel hadisələri və süxurlarda baş verən dəyişikliklər bu ərazilərin daşınmaz əmlak bazarında cəlbediciliyinin azalmasına gətirib çıxarır:
"Nəticədə, həmin ərazilərdə alqı-satqı əməliyyatlarının sayı azalacaq, satış faizi aşağı düşəcək və bu da qiymətlərin enməsi ilə nəticələnəcək.
Yaxın müddətdə sürüşmə zonaları və yaranmış problemlərlə bağlı müvafiq dövlət qurumları əhaliyə dolğun və dəqiq məlumat təqdim etməlidir. Ən azı, vətəndaşlar daşınmaz əmlak seçərkən riskli ərazilərin hansı bölgə və küçələrdə yerləşdiyini bilməlidirlər. Bu isə düzgün qərar vermək baxımından olduqca vacibdir".
Seyranə Quliyeva