AZ

İranla bağlı ŞOK – ABŞ bunu etməsə…

İran və Amerika Birləşmiş Ştatları arasında aprelin 10-dan etibarən qüvvəyə minəcək 14 günlük müvəqqəti atəşkəs razılaşması, Yaxın Şərqin son onilliklərdə gördüyü ən dramatik diplomatik gedişlərdən biri hesab olunur.

Lakin Tehranın bu sülh prosesi qarşılığında irəli sürdüyü 10 maddəlik tələblər paketi, xüsusilə də Vaşinqtonun İrana kompensasiya ödəməsi şərti, danışıqların masa üzərində “ölü doğulması” riskini yaradıb. 28 fevral hadisələri və 2014-cü ildən bəri davam edən sanksiyalara görə təzminat tələbi, Ağ Evin onilliklərdir davam edən xarici siyasət doktrinası ilə birbaşa toqquşur. Diplomatik kulislərdə ən böyük sual budur: ABŞ özünü “təqsirkar” tərəf kimi qəbul edib İrana milyardlarla dollar ödəyəcəkmi?

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, İranın təzminat tələbi real nəticədən çox, daxili auditoriyaya və danışıqlarda əli gücləndirməyə hesablanmış bir gedişdir: “ABŞ-nin İrana rəsmi şəkildə kompensasiya ödəməsi ehtimalı indiki siyasi reallıqda sıfıra bərabərdir. Vaşinqtonun hər hansı bir ölkəyə, xüsusən də illərdir ‘şər oxu’ adlandırdığı Tehrana təzminat ödəməsi, Amerikanın qlobal hegemonluğunun və siyasi nüfuzunun intiharı demək olardı. Tramp administrasiyası və ya ümumiyyətlə ABŞ siyasi elitası heç vaxt fevralın 28-də baş vermiş hərbi insidentlərə görə məsuliyyəti öz üzərinə götürüb pul ödəməz. Bu, ABŞ hüquq sistemi və konqresi tərəfindən də dərhal bloklanacaq bir addımdır”.

Mütəxəssisin sözlərinə görə, İranın bu qədər kəskin şərtlər irəli sürməsinin pərdəarxası məqamları fərqlidir: “Tehran çox yaxşı bilir ki, ABŞ bu şərtləri qəbul etməyəcək. Burada məqsəd maksimalist tələblər qoyub, sonda daha kiçik güzəştlərə – məsələn, bəzi sanksiyaların dondurulmasına və ya dondurulmuş İran aktivlərinin bir hissəsinin sərbəst buraxılmasına nail olmaqdır. Yəni, ‘təzminat’ adı altında İranın beynəlxalq banklarda bloklanmış öz vəsaitlərinin geri qaytarılması müzakirə mövzusu ola bilər. Amma ABŞ büdcəsindən ‘təzminat’ adı ilə bir dollar belə çıxmayacaq. Bu, beynəlxalq hüquq müstəvisində də ABŞ-nin özünü günahkar sayması demək olar ki, Vaşinqton buna heç vaxt getməz”.

Elçin Xalidbəyli qeyd edib ki, 14 günlük atəşkəs dövrü tərəflərin bir-birini sınağa çəkdiyi “psixoloji müharibə” mərhələsidir: “Aprelin 10-dan sonra başlayacaq müzakirələrdə biz bu 10 maddənin necə ‘əriyəcəyini’ görəcəyik. Əgər İran təzminat məsələsində prinsipiallıq nümayiş etdirib geri çəkilməsə, atəşkəs elə 14-cü gündə də bitəcək. Lakin Trampın biznesmen təfəkkürü ilə Tehranın molla diplomatiyası arasında gizli bir ‘alverin’ getdiyi də istisna deyil. Ola bilsin ki, təzminat yerinə İrana müəyyən humanitar dəhlizlər və ya neft ixracı üçün qısamüddətli kvotalar təklif olunsun. Amma rəsmi təzminat? Xeyr, bu, Vaşinqton üçün qırmızı cizgidir”.

Tunar,
NOCOMMENT.az

Seçilən
16
nocomment.az

1Mənbələr