AZ

Vitamin D çatışmazlığının yeni təhlükəsi:demensiya riski artır

Vitamin D çatışmazlığının yeni təhlükəsi açıqlanıb. Neurology Open Access (NOA) jurnalında dərc olunan araşdırmaya görə, orta yaşda yüksək vitamin D səviyyəsi beyində tau zülalının daha az toplanması ilə əlaqələndirilir. Bu isə demensiyanın əsas göstəricilərindən biri hesab olunur.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Xarici KİV-in məlumatına əsasən, İrlandiyanın Galway Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda 793 nəfər iştirak edib. Orta yaşı 39 olan iştirakçılarda əvvəlcə qanda vitamin D səviyyəsi ölçülüb, təxminən 16 il sonra isə beyin skanları vasitəsilə tau zülalı və beta-amiloid səviyyələri qiymətləndirilib.

Araşdırma nəticəsində məlum olub ki, vitamin D səviyyəsi 30 nq/ml-dən yüksək olan şəxslərdə beyində tau zülalının yığılması daha az müşahidə edilib. Lakin beta-amiloid səviyyəsi ilə vitamin D arasında əlaqə aşkar olunmayıb.

Tədqiqatın müəllifi Martin David Mulligan bildirib ki, əldə olunan nəticələr orta yaşda yüksək vitamin D səviyyəsinin tau zülalının toplanmasına qarşı qoruyucu təsir göstərə biləcəyini, onun çatışmazlığının isə potensial risk faktoru olduğunu göstərir.

Alimlər qeyd edirlər ki, bu nəticələr statistik əlaqəyə əsaslanır və səbəb-nəticə əlaqəsi hələ tam sübut olunmayıb. Eyni zamanda həyat tərzi kimi digər faktorların da nəticələrə təsir etməsi istisna edilmir.

Mütəxəssislərin fikrincə, orta yaş dövrü demensiyanın profilaktikası üçün mühüm mərhələdir və bu mərhələdə risk faktorlarının tənzimlənməsi daha effektiv nəticələr verə bilər. Əlavə araşdırmalar nəticəni təsdiqləyərsə, vitamin D neyrodegenerativ xəstəliklərin riskini azaltmaq üçün əlçatan vasitələrdən biri ola bilər.

NURİYYƏ

Seçilən
36
2
redaktor.az

3Mənbələr