Son illərdə portağal suyunun qan şəkərini tez yüksəltdiyi üçün tez-tez tənqid olunduğu bildirilir.
Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, lakin yeni araşdırmalara görə, düzgün miqdarda qəbul edildikdə portağal suyu ürək və beyin sağlamlığına müsbət təsir göstərə bilər.
Medipol Universiteti Pendik Xəstəxanasının dosenti və kardiologiya mütəxəssisi Dr. Erhan Gönen bildirib ki, portağalın tərkibindəki antioksidant maddələr damar sağlamlığının qorunmasında mühüm rol oynaya bilər.
Meyvənin özü daha faydalıdır
Həkimin sözlərinə görə, portağal suyunun qan şəkərini tez artırması onun necə qəbul edilməsindən asılıdır. “Bir insan bir oturuşda 3–4 portağal yeyə bilməz, lakin şirə hazırlanarkən adətən bu qədər portağal istifadə olunur və qısa müddətdə içildikdə qan şəkəri daha sürətlə yüksələ bilər. Bundan əlavə, şirə hazırlanarkən meyvənin liflə zəngin posası itir”, – deyə o qeyd edib. Bu səbəbdən mümkün olduqca meyvənin özünün yeyilməsi daha faydalıdır.
Düzgün miqdarda qəbul edildikdə faydalıdır
Araşdırmalara görə, gündə təxminən 100–200 ml portağal suyu qəbul edildikdə kəskin şəkər artımına səbəb olmur və ürək sağlamlığına müsbət təsir göstərə bilər. Portağalda olan flavonoidlər və antioksidantlar damar divarında iltihabı azaldaraq ürək tutması riskini aşağı sala bilər. Eyni zamanda bu maddələr beyin damarlarına təsir edərək insult, Alzheimer xəstəliyi və Parkinson xəstəliyi kimi xəstəliklərin inkişafına qarşı qoruyucu rol oynaya bilər.
Bağırsaq sağlamlığını da dəstəkləyir
Portağalın tərkibindəki liflər bağırsaq sağlamlığına da müsbət təsir edir. Sağlam bağırsaq florası vitamin və antioksidantların orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir.
Təzə sıxılmış şirə daha sağlamdır
Mütəxəssis vurğulayıb ki, ən yaxşı seçim meyvənin özünü yeməkdir. Lakin bəzi hallarda təzə sıxılmış portağal suyu hazır, qatqı maddəli məhsullardan daha sağlam alternativ hesab olunur. Araşdırmalar göstərir ki, həftədə bir neçə dəfə təxminən 300 ml təzə sıxılmış portağal suyu qəbul etmək ürək və beyin sağlamlığına müsbət təsir göstərə bilər.
Həmidə İbrahimova