AZ

Bakıda metro şəbəkəsi genişləndirilir: Yaşıl xətt üzrə 4 yeni stansiya tikiləcək

Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində “Bakı Metropoliteni” QSC tərəfindən Yaşıl xəttin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Qurumun tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib ki, layihə çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən təxminən 700 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb.

Onun sözlərinə görə, ayrılmış vəsait hesabına Yaşıl xətt üzrə dörd yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Yeni stansiyalar mövcud xəttin davamı olaraq paytaxtın şimal və şimal-qərb istiqamətlərində, o cümlədən Dərnəgül stansiyasından sonrakı ərazilərdə və Xocəsən istiqamətində yerləşəcək. Bu isə sürətlə inkişaf edən yaşayış massivlərinin metro şəbəkəsinə inteqrasiyasına və nəqliyyat sıxlığının azaldılmasına töhfə verəcək. Qeyd olunub ki, layihə üzrə tender proseslərinin cari ilin sonunadək həyata keçirilməsi planlaşdırılır və nəticələr ictimaiyyətə açıqlanacaq.

Bununla yanaşı, metro infrastrukturunun genişləndirilməsi çərçivəsində yeni depo sahələrinin tikintisi və mövcud depoların genişləndirilməsi də nəzərdə tutulur. Belə ki, Xocəsən deposu üzrə ikinci mərhələnin, Dərnəgül deposu üzrə isə üçüncü mərhələnin icrası planlaşdırılır. Hər iki layihə üzrə tenderlərin elan edilməsi və tikinti işlərinə başlanılması cari ilin əsas hədəfləri sırasındadır.

Mütəxəssislərin fikrincə, həyata keçirilən bu layihələr paytaxtın nəqliyyat sisteminin dayanıqlığını artıracaq və şəhərdaxili hərəkətin daha səmərəli təşkilinə imkan yaradacaq.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
30
azerbaijan-news.az

1Mənbələr