AZ

Bir sıra “Kindle” cihazlarına dəstək dayandırılır  

“Amazon” şirkəti mayın 20-dən etibarən 2012-ci il və daha əvvəl istehsal olunmuş “Kindle” elektron kitab oxuyucuları və “Kindle Fire” planşetləri artıq “Kindle Store” vasitəsilə yeni kitab almaq, borc götürmək və ya yükləmək imkanını itirəcək. İstifadəçilər cihazlarında artıq yüklənmiş kitabları oxumağa davam edə biləcəklər. Həmçinin “Kindle” hesablarına və əvvəlki alışlarına “Kindle” mobil tətbiqi, “Kindle Web” versiyası və ya daha yeni “Kindle” cihazları vasitəsilə giriş mümkün olacaq. Lakin köhnə cihazlar may ayından sonra sıfırlanarsa və ya hesabdan çıxarılarsa, onları yenidən qeydiyyatdan keçirmək mümkün olmayacaq. Siyahıya “Kindle DX”, “Kindle Keyboard”, “Kindle Touch”, “Kindle 4” və “Kindle 5”, birinci nəsil “Kindle Paperwhite”, həmçinin 2011–2012-ci illərə aid “Kindle Fire” və “Kindle Fire HD” modelləri daxildir.

Şirkət yaxın həftələrdə istifadəçilərə e-poçt vasitəsilə məlumat göndərəcəyini bildirib. Yeni cihazlara keçmək istəyən istifadəçilər üçün “Amazon” xüsusi kampaniya da təqdim edir. İstifadəçilər yeni “Kindle” alarkən 20  faiz endirim və hesablarına əlavə ediləcək 20 dollarlıq e-kitab krediti əldə edəcəklər. Təklif 20 iyun 2026-cı il tarixinədək qüvvədə olacaq.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
15
azerbaijan-news.az

1Mənbələr