“Waymo” şirkəti ABŞ-də robotaksi xidmətlərini genişləndirməyə davam edir. Şirkət Tennessi ştatının Naşvil şəhərində innovativ taksiləri rəsmi olaraq istifadəyə verib. Bu, “Waymo”nun robotaksilərinin xidmət göstərdiyi 11-ci şəhərdir.
Şirkət artıq bir neçə aydır şəhərdə fəaliyyət göstərir. Əvvəlcə avtomobillər manual şəkildə idarə olunurdu, daha sonra isə təhlükəsizlik məqsədilə sükan arxasında sürücü olmaqla avtonom sistemlər test edilirdi. İndi isə bu mərhələlər tamamlanıb və xidmət istifadəçilər üçün açılıb.
Şəhərdə xidmətin keyfiyyətinin stabil saxlanılması üçün mərhələli şəkildə genişlənəcəyi bildirilir. İlkin mərhələdə robotaksilər Naşvilin təxminən 60 kvadrat millik ərazisində fəaliyyət göstərəcək. Parkda neçə avtomobil olduğu açıqlanmasa da, şirkət onlarla robotaksi ilə xidmətə başladığını bildirib.
“Waymo” bu dəfə “Lyft” ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq əvvəlkilərdən fərqlənir. Belə ki, ilkin mərhələdə istifadəçilər robotaksini yalnız “Waymo” tətbiqi üzərindən sifariş edə biləcəklər. Xidmət genişləndikdən sonra isə “Lyft” tətbiqi üzərindən də sifariş imkanı təqdim olunacaq. “Lyft” bu tərəfdaşlıq çərçivəsində avtomobil parkının texniki hazırlığı, texniki xidmət, şarj infrastrukturu və depo əməliyyatlarına cavabdeh olacaq.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”