AZ

Manatın sabitliyi hansı faktorlardan asılıdır? İQTİSADÇI AÇIQLADI

ain.az bildirir, Sia Az portalına istinadən.

“Milli valyutamızın dövretmə sürətinin azalması, iqtisadi aktivliyin nisbətən zəifləməsi və əhalinin xərcləmə davranışında müşahidə olunan dəyişikliklər pul-kredit mühitində yeni çağırışlar formalaşdırıb. Mövcud şəraitdə manatın sabitliyinin qorunması yalnız monetar alətlərlə deyil, həm də real sektorun vəziyyəti və institusional faktorlarla birbaşa bağlıdır.

Manatın sabitliyinə bir çox amillər təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, Azərbaycan Milli iqtisadi modeli üzərində danışsaq əsas faktor neft gəlirləri və xarici ticarət balansıdır ki, Azərbaycan iqtisadiyyatının ixrac strukturunda enerji resurslarının üstünlük təşkil etməsi manatın məzənnəsini birbaşa neft qiymətlərindən asılı vəziyyətə salır:

“Neft qiymətlərinin yüksək olduğu dövrlərdə ölkəyə daxil olan valyuta axını artır və bu da manatın sabitliyini dəstəkləyir. Əks halda isə təzyiqlər artır.Digər önəmli amil dövlətin fiskal siyasəti və büdcə xərcləridir ki,Dövlət xərclərinin həcmi və istiqaməti manatın dövriyyəsinə ciddi təsir göstərir. Büdcə xərclərinin iqtisadiyyata daxilolma tempi zəiflədikdə pulun dövretmə sürəti aşağı düşür, bu da iqtisadi aktivliyin zəifləməsinə gətirib çıxarır.

Üçüncü amil Pul-kredit siyasəti və faiz dərəcələridir.Mərkəzi Bankın tətbiq etdiyi faiz siyasəti manatın cəlbediciliyini müəyyən edir. Yüksək faiz dərəcələri əmanətləri stimullaşdıraraq pulun dövriyyədən çəkilməsinə səbəb olur, aşağı faizlər isə istehlakı və investisiyanı təşviq edə bilər.

Dördünvcü amil isə Bank sektorunun vəziyyəti və kreditləşmədir.Kreditlərin həcmi və əlçatanlığı iqtisadi aktivliyin əsas drayverlərindəndir. Kreditləşmənin zəifləməsi pul kütləsinin real sektorda dövriyyəsini məhdudlaşdırır və manatın dövretmə sürətini aşağı salır.

Digər amillər isə əhalinin gözləntiləri və davranış modeli, qeyri-neft sektorunun inkişaf səviyyəsi və xarici iqtisadi mühit və geosiyasi risklərdir.

İnflyasiya gözləntiləri və milli valyutaya inam əhalinin xərcləmə və yığım qərarlarına birbaşa təsir edir. Əhali daha çox yığım etməyə üstünlük verdikdə dövriyyədə olan pul azalır və iqtisadi aktivlik zəifləyir. İqtisadiyyatın diversifikasiyası manatın uzunmüddətli sabitliyi üçün əsas şərtdir. Qeyri-neft sektorunun zəif inkişafı valyuta risklərini artırır və manatın dayanıqlığını məhdudlaşdırır. Qlobal bazarlarda baş verən dəyişikliklər, regional risklər və ticarət tərəfdaşlarının iqtisadi vəziyyəti də manatın məzənnəsinə dolayı təsir göstərir. Hazırki vəziyyətdə manatın sabitliyi qısa müddətdə əsasən neft gəlirləri və dövlət xərcləri hesabına qorunsa da, uzunmüddətli perspektivdə bu model risklidir. Pulun dövretmə sürətinin azalması iqtisadi aktivliyin zəiflədiyini göstərir və bu, davamlı inkişaf baxımından siqnal xarakteri daşıyır. Davamlı sabitlik üçün struktur islahatların dərinləşdirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi, kredit bazarının aktivləşdirilməsi və institusional mühitin gücləndirilməsi zəruridir. Əks halda, mövcud sabitlik daha çox loru dildə desək, idarə olunan sabitlik olaraq qalacaq və xarici şoklara qarşı həssaslıq davam edəcək”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
sia.az

2Mənbələr