Azərbaycan Dövlət Neft Fondu (ARDNF) səhm indeksləri strategiyası üzrə əldə etdiyi gəlirin 2025-ci ilin sonuna 9,4 milyard ABŞ dollarına çatdığını açıqlayıb. 2024-cü ildə bu göstərici 6,3 milyard dollar olub. Beləliklə, təkcə 2025-ci il ərzində ARDNF-in səhm portfelindən əldə etdiyi gəlir 49 faiz artaraq 3,1 milyard dollara yüksəlib. Eyni zamanda, portfelin ümumi dəyəri də artaraq 2024-cü ildəki 13,4 milyard dollardan 2025-ci ilin sonunda 16,5 milyard dollara yüksəlib.
Qeyd edək ki, səhm investisiyaları əsasən “MSCI World” indeksi üzrə həyata keçirilir. 2025-ci ilin sonuna bu indeks 23 inkişaf etmiş ölkədə fəaliyyət göstərən 1320 şirkətin səhmlərini əhatə edir. Bu şirkətlərin ümumi bazar kapitalizasiyası isə bir il ərzində 77 trilyon dollardan 91 trilyon dollara qədər artıb.
Fondun investisiya portfelində yer alan şirkətlərin 72 faizi ABŞ-ın payına düşür. Digər əsas istiqamətlər Yaponiya (5,5 faiz), Böyük Britaniya (3,6 faiz) və Kanada (3,4 faiz) olub. Sektor bölgüsündə isə informasiya texnologiyaları (27 faiz), maliyyə (17 faiz), sənaye (11 faiz) və qeyri-zəruri istehlak malları (10 faiz) üstünlük təşkil edir.
Fonddan bildirilib ki, ARDNF birja ticarəti fondlarına (ETF) və ya müştərək fondlara yatırım etmir. İnvestisiyalar birbaşa indeksə daxil olan şirkətlərin səhmlərinə yönəldilir və bu zaman daha konservativ, diversifikasiyaya əsaslanan passiv idarəetmə strategiyası tətbiq olunur.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”