AZ

Çin təbii qaz ehtiyatlarını necə yaradıb? 

Çin son illərdə təbii qaz ehtiyatlarını strateji şəkildə artırıb və ölkəni xaricdən təchizatın kəsilməsinə qarşı daha dayanıqlı edib. Ölkənin sənaye limanı olan Yançenqdə yerləşən böyük saxlama çənləri Pekinin 22 milyon əhalisinin iki aydan çox təbii qaz ehtiyacını qarşılaya bilir. Bu çənlər mayeləşdirilmiş təbii qazı mənfi 162 dərəcə temperaturda saxlayır və gəmilərdən qazın boşaldılması üçün Sarı dənizə açılan uzun körpüyə birləşdirilib. 

“Nyu York Tayms” nəşrində yer alan məlumata görə, Çin sadəcə yerüstü saxlama çənləri ilə kifayətlənməyib. Ölkə Mərkəzi Asiya və Rusiyadakı qaz yataqlarına boru kəmərləri çəkib, daxili istehsalı çuxur qazma, qaz çıxarma üsulu və digər texnologiyalar vasitəsilə ikiqat artırıb, kömür əsaslı alternativ texnologiyaları da inkişaf etdirib. Dövlətə məxsus Çin Milli Dəniz Neft Korporasiyası isə mayeləşdirilmiş təbii qaz üçün dünyanın qalan hissəsindən iki dəfədən çox, yəni 18 nəhəng saxlama çəni tikib.

Analitiklər bildirirlər ki, Çinin bu addımları Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının bağlanması səbəbilə yaranan təchizat sıxıntısını yumşaltmağa kömək edib. Qonşu ölkələrdə, o cümlədən Hindistan, Pakistan və Vyetnamda təbii qaz çatışmazlığı müşahidə olunur, lakin Çin ev təsərrüfatları üçün ehtiyatı qoruyub saxlaya bilib.

Çin hökuməti, həmçinin gübrə istehsalını daxili bazara yönəldərək ixracı məhdudlaşdırıb və fermerlərin tələbatını təmin edib. Bu strateji tədbirlər ölkənin enerji təhlükəsizliyini artırmaqla yanaşı, Çin lideri Si Cinpinin çağırışlarına uyğun olaraq enerji saxlama potensialını yüksəltməyə yönəlib.

Ekspertlər qeyd edirlər ki, Çinin geniş təbii qaz saxlama strategiyası həm enerji təminatını, həm də iqtisadi və geosiyasi dayanıqlılığı gücləndirir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr