08 aprel 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Şərəfə kənd inzibati ərazi dairəsinə daxil olan Ağakişibəyli kəndində səyyar görüş-qəbul keçirmişdir.
Səyyar görüş-qəbul zamanı rayon rəhbəri əvvəlcə Ağakişibəyli kəndinin tarixi, adı və ziyalıları barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, kəndin adı Cənubi Azərbaycanın Ərdəbil şəhərindən gəlmiş “Ağakişi” adlı şəxsin adı ilə bağlıdır. Kənd 1954-cü ildə formalaşmışdır. Həmçinin qeyd olunmuşdur ki, kənddə ilk dördillik məktəb 1920-ci ildə fəaliyyətə başlamışdır.
Rayon rəhbəri çıxışında vurğulamışdır ki, Böyük Vətən Müharibəsi illərində kənddən 167 nəfər iştirak etmişdir və kəndin 8 şəhidi var.Eləcə də kəndin yetirmələri olan alimlər, elmlər namizədləri və doktorları, tanınmış həkimlər və din xadimləri haqqında məlumat verilmişdir.
Daha sonra çıxış üçün söz Masallı Rayon İcra Hakimiyyəti aparatının sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova verilmişdir. Şöbə müdiri çıxışında ərazidə görülmüş işlər barədə geniş məlumat vermişdir.
Qeyd olunmuşdur ki:
• Şərəfə kəndinin mərkəzi yolunda işıqlandırma sistemi qurulmuşdur;
• Kəndin idman meydançasında təmir işləri aparılmışdır;
• Şərəfə kənd tam orta məktəbinin gələcək tikintisi ilə bağlı müvafiq addımlar atılmışdır;
• Ərazidə SİP kabelləşmə işləri həyata keçirilmişdir;
• Ağakişibəyli-Səmidxan kənd arası avtomobil yolunda təmir işləri görülmüşdür;
• Aztəminatlı ailələrə, şəhid ailələrinə və imkansız ailələrə maddi yardımlar göstərilmişdir;
• Şəhid küçələrinə asfalt örtüyü çəkilmişdir;
• Şərəfə mərasim evində təmir işləri davam etdirilir;
• 500 metr uzunluğunda su kanalı lildən təmizlənmişdir;
• Şərəfə kənd məktəbində 3 sinif otağı təmir olunmuşdur;
• Ərazidə yaşayan ağır xəstəsi olan ailəyə 2000 manat məbləğində maddi yardım göstərilmişdir;
• 27 elektrik dirəyi və 250 metr uzunluğunda naqil xətləri yenilənmişdir;
• 6 aztəminatlı ailəyə məktəb ləvazimatları təqdim olunmuşdur;
• “Konstitusiya və Suverenlik İli” çərçivəsində ərazidə ağacəkmə aksiyası keçirilmişdir.
Daha sonra İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşlar tərəfindən edilən müraciətləri dinləmişdir.
İlk olaraq çıxış edən kənd sakini ərazidə görülən işlərə görə rayon rəhbərinə kənd sakinləri adından təşəkkürünü bildirmişdir.
Növbəti müraciət edən kənd sakini öz fermer təsərrüfatı ilə bağlı olaraq iki “KamAZ” çay qumu və bir günlük traktor texnikasının ayrılması ilə bağlı rayon rəhbərinə müraciət etmişdir.
Digər müraciət isə Ağakişibəyli kəndində tikilən tarix muzeyi ilə bağlı olmuşdur. Belə ki, kənd sakini həmin muzeyin daha da genişləndirilməsi ilə bağlı öz təklifini rayon rəhbərinin diqqətinə çatdırmışdır.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən olunan digər müraciətlər də rayon rəhbəri tərəfindən diqqətlə dinlənilmiş, müraciətlərin bir qismi yerindəcə öz həllini tapmış, digər müraciətlər isə həlli istiqamətində aidiyyəti qurumlara yönləndirilmişdir.