AZ

CAF rəsmisi Mərakeşin Afrika Millətlər Kubokunun qalibi elan olunması ilə razılaşmayıb

Bakı, 8 aprel, AZƏRTAC

Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsinin vitse-prezidenti Faustino Varela Monteiro qurumun son qərarı ilə razı olmadığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, “L’Observateur” qəzetinə verdiyi müsahibədə 2025-ci il Afrika Millətlər Kubokunun qalibinin dəyişdirilməsinin düzgün olmadığını söyləyib: “Seneqalın çempionluğunun əlindən alınaraq Mərakeşin qalib elan olunmasına qarşıyam. Qayda pozuntusu ehtimalı olsa belə, bu, oyunun sonadək keçirilməsinə mane olmayıb. Buna görə də Seneqalın qələbəsi qüvvədə qalmalıdır. Oyun rəsmilərinin hesabatında göstərilən faktlar sübut olunana qədər doğru sayılır. Mübahisəli vəziyyətlərdə isə baş hakimin hesabatı əsas götürülür”.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun finalında Mərakeş millisinə 1:0 hesabı ilə qalib gələn Seneqala texniki məğlubiyyət verilib - 0:3. Kubokun həmin ölkədən alınaraq Mərakeşə təqdim edilməsi haqqında qərar qəbul olunub. Qərar Seneqal futbolçularının oyunun bir hissəsində meydanı tərk etməsi ilə əsaslandırılıb. Bu səbəbdən Mərakeş CAF-a şikayət məktub ünvanlayıb. CAF Apellyasiya Şurası Seneqalın bu hərəkətini və matç zamanı baş verən digər qayda pozuntularını mənfi hal kimi qiymətləndirib və Seneqalın çempionluğunu ləğv edib. Seneqal Futbol Federasiyası bu qərardan narazı qalaraq işi İdman Arbitraj Məhkəməsinə (CAS) təqdim edib. Yekun qərarın yaxın aylarda açıqlanacağı gözlənilir.

Seçilən
29
1
azertag.az

2Mənbələr