AZ

"117 il xərçəngsiz və demensiyasız yaşamaq mümkündürmü?" - Elmi tədqiqat

"Alimlər dünyanın ən yaşlı insanlarından birinin həyatını analiz edərək uzunömürlülüyün əsas mexanizmlərini üzə çıxarıblar..."

Dünyanın ən yaşlı insanlarından biri kimi tanınan Mariya Branyas Morera 117 yaşında vəfat etdikdən sonra alimlər onun bioloji məlumatlarını araşdıraraq qeyri-adi nəticələr əldə ediblər. 

Moderator.az xəbər verir ki, bu barədə "Econews" nəşri yazıb.

Genetik sirr: orqanizmin "müdafiə qalxanı"

Nəşrin yazdığına görə, onun orqanizmi yaşlanmanın tipik fəsadlarına qarşı gözlənilməz dərəcədə davamlı olub.
Alimlər Eloy Santos Puhol və Manel Esteller rəhbərliyi ilə aparılan araşdırmada müəyyən ediblər ki, Mariya Branyas həyatının sonuna qədər xərçəng, ürək xəstəlikləri və demensiya kimi ağır problemlərdən əziyyət çəkməyib.

Xüsusi diqqət xromosomların ucları olan telomerlərə yönəlib. Normalda yaş artdıqca qısalan bu strukturlar xəstəlik riskini artırır. Lakin Mariyada telomerlər çox qısa olsa da, bu, əksinə, təhlükəli hüceyrələrin, o cümlədən xərçəng hüceyrələrinin bölünməsinin qarşısını alan bir növ "bioloji qoruyucu" rolunu oynayıb.

Genetik analiz onun immun sisteminin güclü, beyin hüceyrələrinin qorunan, ürəyin sabit işlədiyini və hüceyrə səviyyəsində enerji istehsalının yüksək olduğunu göstərib. Eyni zamanda, yaşa bağlı xəstəliklərə səbəb olan genetik markerlər demək olar ki, müşahidə olunmayıb.

Metabolizm və mikrobiom: gündəlik vərdişlərin rolu

Mariya Branyasın qan analizləri də qeyri-adi olub. Onun "pis" xolesterin və trigliserid səviyyəsi çox aşağı, "yaxşı" xolesterin isə yüksək olub. Bu isə ürək-damar sistemini diabet və aterosklerozdan effektiv qoruyub.

Digər mühüm amil bağırsaq mikroflorası olub. Onun mikrobiomunda "Bifidobacterium" bakteriyalarının yüksək səviyyədə olduğu müəyyən edilib. Bu bakteriyalar iltihabi prosesləri azaltmaqda mühüm rol oynayır.

Alimlər bunu onun qidalanma vərdişi ilə əlaqələndirirlər: Mariya onilliklər boyu gündə üç dəfə təbii qatıq yeyib. Bu sadə vərdiş mikrobiomu stabil saxlayaraq sağlamlığa ciddi töhfə verib.

Bioloji yaş və uzunömürlülüyün üç əsas şərti

Ən maraqlı nəticə epigenetik testlər zamanı ortaya çıxıb. Bu testlər göstərib ki, Mariyanın bioloji yaşı faktiki yaşından təxminən 20 il az olub. Yəni təqvim 117-ni göstərdiyi halda, onun hüceyrələri 90 yaşlı insan kimi fəaliyyət göstərib. Alimlər bunu "yaşlanmanın ikili təbiəti" adlandırırlar, yəni xarici qocalma əlamətləri ilə daxili bioloji gənclik arasında fərq yaranır.

Araşdırma universal "uzunömürlülük formulunu" təqdim etməsə də, üç əsas prinsip ön plana çıxır: xroniki iltihabın minimal səviyyədə olması, sabit və balanslı metabolizm, düzgün qidalanma ilə qorunan sağlam mikrobiom. Bu nəticələr göstərir ki, uzun və sağlam həyat yalnız genetika deyil, həm də həyat tərzi ilə sıx bağlıdır.

Seçilən
14
1
moderator.az

2Mənbələr