AZ

Regional əməkdaşlıq nümunəsi

Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlığın ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilir. Tarixi köklərə, ortaq maraqlara və qarşılıqlı etimada əsaslanan bu əlaqələr müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində həyata keçirilən birgə layihələr iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb və onları regionun əsas aktorlarına çevirib. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələrimizin bu əlaqələri əsl regional tərəfdaşlıq nümunəsidir: "İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi şəkildə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir".

Azərbaycan-Gürcüstan münasibətlərinin daim yüksək səviyyədə olduğunu qeyd edən deputat əlavə edib ki, dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Ötən illər ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Bu əməkdaşlığın ən bariz nümunələri sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz  kəməri, "Cənub qaz dəhlizi" və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri transmilli layihələri qeyd edə bilərik. Bu layihələr təkcə iqtisadi fayda gətirməklə kifayətlənmir, həm də regionun geosiyasi əhəmiyyətini artırır, Avropa ilə Asiya arasında mühüm körpü rolunu möhkəmləndirir.

V.Rəhimzadə vurğulayıb ki, bu kontekstdə Prezident İlham Əliyevin Gürcüstana son səfəri mühüm əhəmiyyət kəsb edir. "Dövlət səfəri çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər və aparılan müzakirələr göstərir ki, tərəflər mövcud əməkdaşlıq səviyyəsini qorumaqla yanaşı, onu daha da genişləndirmək niyyətindədirlər. Xüsusilə enerji resurslarının nəqli, nəqliyyat marşrutlarının inkişafı və infrastrukturun təkmilləşdirilməsi kimi məsələlər əsas yer tutur. İki ölkə arasında formalaşmış etibarlı münasibətlər regional məsələlərin həllində vacib faktordur. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün Azərbaycan və Gürcüstanın birgə mövqedən çıxış etməsi regionun gələcəyi üçün vacib amillərdən biridir. Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı fayda və strateji maraqlar üzərində qurulmuş möhkəm tərəfdaşlıq modelidir", - deputat bildirib.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr