AZ

FTB yüksək rütbəli hərbçini saxlayıb: Məxfi məlumatları mediaya ötürürmüş...

Kəşfiyyat rəhbərliyi xəbərdarlıq edib ki, sızmalar milli təhlükəsizlik üçün ciddi risk yaradır...

Poliqon xəbər verir ki, ABŞ-nin Federal Təhqiqat Bürosunun direktoru Kaş Patel sosial şəbəkə X-də yaydığı açıqlamada ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının (SOCOM) keçmiş əməkdaşının saxlanıldığını bildirib. Onun sözlərinə görə, saxlanılan şəxs məxfi məlumatların media qurumlarına ötürülməsində iştirak edib.

FTB rəhbəri əməliyyatın həyata keçirilməsində iştirak edən əks-kəşfiyyat və casusluqla mübarizə bölmələrinə təşəkkür edib və qeyd edib ki, bu saxlanılma potensial məlumat sızdıran şəxslər üçün ciddi siqnal olacaq. Kaş Patel vurğulayıb ki, qurum ölkənin təhlükəsizliyini riskə atan və dövlətə xəyanət edən şəxslərə qarşı sıfır tolerantlıq siyasəti yürüdür.

Məlumata görə, hadisə ABŞ-də son günlər məxfi məlumatların yayılması ilə bağlı aparılan araşdırmalar fonunda baş verib. Hüquq-mühafizə orqanları bu cür halların milli təhlükəsizlik sisteminə zərbə vurduğunu və hərbi strukturlar daxilində etimadı sarsıtdığını bildirir.

Bundan bir gün əvvəl isə Şimali Karolinadan olan 40 yaşlı qadın hərbçiyə qarşı oxşar ittihamlar irəli sürülüb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, onun ötürdüyü məxfi informasiyalar əsasında yazılmış kitabda hərbi bazada narkotik dövriyyəsi, qətllər və korrupsiya ilə bağlı ciddi iddialar yer alıb. Bu faktlar hazırda ayrıca araşdırma predmetidir və məsələ geniş rezonans doğurub.

Ekspertlər qeyd edir ki, bu cür sızmalar həm daxili təhlükəsizlik mexanizmlərinin yenidən nəzərdən keçirilməsinə, həm də hərbi və kəşfiyyat qurumlarında nəzarət tədbirlərinin sərtləşdirilməsinə səbəb ola bilər.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr