AZ

Azərbaycan-Gürcüstan əlaqələri Avrasiyanın enerji mənzərəsini yenidən formalaşdırır

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri iki qonşu ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi istiqamətində mühüm siyasi-diplomatik hadisədir. Səfər iki xalqın tarixi dostluq bağlarının sarsılmaz əməkdaşlığa çevrildiyini bir daha nümayiş etdirməklə yanaşı, müasir qlobal çağırışlar fonunda Azərbaycanın bölgədəki həlledici liderlik rolunu və Gürcüstanın strateji tərəfdaş kimi əhəmiyyətini yenidən təsdiq etdi. Bu birlik həm də Cənubi Qafqazda sabitliyin, enerji təhlükəsizliyinin və yeni nəqliyyat dəhlizlərinin gələcək taleyini müəyyən edən ən mühüm faktor kimi çıxış edir.

Milli Məclisin deputatı Kamran Bayramov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Tbilisidə yüksək ehtiramla qarşılanması və keçirilən ali səviyyəli görüşlər rəsmi Bakının xarici siyasət strategiyasında Gürcüstanın yalnız mühüm tranzit tərəfdaşı deyil, həm də Cənubi Qafqazın təhlükəsizlik sistemində və regional sabitlikdə həlledici payı olan müttəfiq dövlət olduğunu bir daha təsdiqləyir. Tərəflər arasında aparılan müzakirələr regionun gələcək inkişafının məhz Cənubi Qafqaz dövlətlərinin daxili iradəsindən və qarşılıqlı əməkdaşlığından keçdiyini bir daha nümayiş etdirdi. "Bakı və Tbilisinin nümayiş etdirdiyi vahid və qətiyyətli mövqe bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra bölgədə yaranan yeni reallıqların Gürcüstan tərəfindən birmənalı şəkildə dəstəklənməsi, regionda uzunmüddətli və sabit sülhün əsas sütunlarını təşkil edir. Bu strateji birlik təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya məkanının enerji və nəqliyyat xəritəsinin təhlükəsizliyini təmin edən ən mühüm amildir. Dövlətimizin başçısının Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanat bu münasibətlərin həm tarixi köklərini, həm də gələcəyə yönəlmiş sarsılmaz perspektivlərini aydın şəkildə ortaya qoyur. Ölkə rəhbəri qeyd etdi ki, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və regionda yerləşən ölkələr bu imkanları əldən verməməlidir: "Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim", - deyə deputat əlavə edib. 

Deputat Gürcüstanın Baş naziri İrakli Kobaxidzenın çıxışını xatırladaraq bildirib ki, baş nazir qlobal geosiyasi dəyişikliklərin, ümumiyyətlə, Orta dəhlizin vacibliyini, o cümlədən Qara dənizin və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırdığını deyib: "Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan, biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq".

K.Bayramov diqqətə çatdırıb ki, müasir geosiyasi şəraitdə Gürcüstan Azərbaycanın Qərbə açılan əsas strateji qapılarından biri kimi çıxış edir. Öz növbəsində, Azərbaycan Gürcüstan üçün iqtisadi sabitliyin qorunması, enerji təhlükəsizliyinin təmini və regional inteqrasiya prosesləri baxımından əvəzedilməz tərəfdaşdır. Məhz bu qarşılıqlı asılılıq və ortaq maraqlar iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirərək, onları regional əməkdaşlığın beynəlxalq miqyasda uğurlu nümunəsinə çevirir. 

Deputat vurğulayıb ki, qarşıdakı dövrdə münasibətlər "yaşıl enerji", rəqəmsal bağlantılar, yeni yük marşrutları və Xəzər-Qara dəniz xətti üzrə strateji layihələrlə daha da zənginləşəcək. "Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri bütövlükdə region üçün nümunəvi əməkdaşlıq modeli kimi çıxış edərək, gələcək genişmiqyaslı təşəbbüslər üçün möhkəm zəmin yaradır. Bakı və Tbilisi tərəfindən nümayiş etdirilən bu sarsılmaz birlik modeli, Cənubi Qafqazın təhlükəsizlik sistemini möhkəmləndirməklə yanaşı, həm də Avrasiyanın enerji və nəqliyyat mənzərəsini yenidən formalaşdırır. Bu tərəfdaşlıq təkcə bu günün reallıqlarına deyil, həm də gələcək nəsillər üçün sabit, təhlükəsiz və inteqrasiya olunmuş bir regionun qurulmasına xidmət edir", - deyə K.Bayramov bildirib.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr