AZ

Rusiyanın Azərbaycandakı “görən gözü”: 10 ildən çoxdur işləmir Gizli məkanın aqibəti...

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qəbələdə yerləşən və bir zamanlar strateji əhəmiyyət daşıyan radiolokasiya stansiyası (RLS) bu gün diqqətdən kənarda qalan obyektə çevrilib. Belə ki, dağların dumanı arasında gizlənən bu nəhəng polad konstruksiya vaxtilə qitələrarası ballistik raketləri izləyən ən güclü radiolokasiya sistemlərindən biri olub. Rusiya ordusunun icarə əsasında istifadə etdiyi stansiyanı tərk etməsindən sonra ətraf kəndlərdə yaşayan əhalinin şüalanma ilə bağlı narahatlığı azalıb, həyat tədricən normallaşıb. Lakin artıq 10 ildən çoxdur ki, obyekt nə əvvəlki təyinatı üzrə istifadə olunur, nə də sökülərək ərazinin taleyi ilə bağlı konkret qərar verilir.

Qəbələdəki RLS binası niyə sökülmür? Obyektin saxlanmasının siyasi səbəbləri varmı?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, burada ilkin səbəb onun texniki və infrastruktur baxımından mürəkkəb obyekt olması ilə bağlıdır:

“Belə hərbi-strateji qurğuların demontajı sadə tikili söküntüsü kimi həyata keçirilmir, çünki burada yüksək güclü elektromaqnit avadanlıqlar, xüsusi konstruksiyalar və potensial təhlükəli materiallar mövcud olur. Bu tip obyektlərin sökülməsi həm maliyyə baxımından baha başa gəlir, həm də ekoloji və texniki risklər yarada bilər. Ona görə də bəzən dövlətlər belə obyektləri dərhal sökmək əvəzinə, uzun müddət konservasiya vəziyyətində saxlayır və gələcək istifadəyə dair qərarı gecikdirirlər”.

Züriyə Qarayeva

Politoloq bildirib ki, məsələnin siyasi və strateji aspekti də istisna deyil:

“Qəbələ RLS kimi obyektlər regionda vaxtilə böyük geosiyasi əhəmiyyət daşıyıb və belə infrastrukturlar bəzən ehtiyat aktiv kimi saxlanılır. Yəni bu cür obyektlər ya gələcəkdə alternativ hərbi, yaxud mülki məqsədlərlə istifadə perspektivi üçün qorunur, ya da müəyyən siyasi balans və danışıqlarda dolayı alət rolunu oynayır. Bundan əlavə, ərazinin statusu, keçmiş müqavilələr və beynəlxalq münasibətlər kontekstində bu obyektin taleyi ilə bağlı qərarların uzanması da mümkün variantlardan biridir”.

Qeyd edək ki, Qəbələ RLS 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olub. Stansiya Azərbaycanın şimalında, Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, ən yaxın Ləki dəmiryolu stansiyasından 50 km məsafədə yerləşir.

Raketdən Müdafiə Kompleksinin tərkibində olan stansiya, nəinki raketlərin buraxılmasının qarşısını almağa, həm də onların trayektoriyasını izləməyə imkan verirdi ki, bu da raketlərin ölkəyə daxil olmasının qarşısını alırdı. Texniki parametrləri və münasib yeri nəzərə alaraq, bu RLS-in dünyada heç bir tayı-bərabəri yox idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiya hərbçiləri uzun müddət RLS-dən heç bir hüquqi rəsmiləşdirilmə olmadan istifadə edib. 2002-ci il razılaşması ilə Azərbaycanın mülkiyyəti olan stansiya Rusiyaya 10 il müddətinə (24 dekabr 2012-ci il tarixinədək) icarəyə verilib və informasiya-analitik mərkəz obyekt statusu əldə edib. 9 dekabr 2012-ci ildə tərəflərin icarə dəyərinə dair razılığa gələ bilməməsinə görə Rusiya Qəbələ RLS-in istismarını dayandırıb.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
globalinfo.az

2Mənbələr