AZ

Tramp İranı hədələdi

ABŞ Prezidenti Donald Tramp İranın nüvə və logistika razılaşmasının şərtlərinə tam əməl etməyəcəyi təqdirdə tarixdə görünməmiş hücum başlada biləcəklərini bildirib və ordunu yüksək hazırlıq vəziyyətinə gətirdiklərini açıqlayıb.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, Tramp “Truth Social” platformasında yaydığı açıqlamada ABŞ hərbi qüvvələrinin istənilən an əməliyyata hazır olduğunu qeyd edib. O bildirib ki, ABŞ-a məxsus gəmilər, təyyarələr və quru qoşunları “zəiflədilmiş düşməni məhv etmək” üçün mövqelərini qoruyur.

ABŞ Prezidenti razılaşmanın hər hansı pozulmasının çox ağır nəticələr doğuracağını vurğulayaraq, indiyə qədər görünməmiş miqyasda cavab veriləcəyini bildirib. Tramp ABŞ ordusunun tam hazır vəziyyətdə olduğunu qeyd edərək hərbi bölmələrin əməliyyat imkanlarının yüksək səviyyədə saxlanıldığını diqqətə çatdırıb.

Vaşinqton administrasiyasının Tehran qarşısında strategiyasının iki əsas prinsip üzərində qurulduğu bildirilib. Tramp İranın nüvə silahına sahib olmamasının və Hörmüz boğazının dünya neft ticarəti üçün açıq qalmasının müzakirə olunmayan şərtlər olduğunu yenidən bəyan edib.

ABŞ ordusunun əməliyyat əmri gözlədiyini göstərən açıqlamalar Pakistanın paytaxtı İslamabadda keçiriləcək mühüm danışıqlar öncəsi regionda hərbi aktivliyin artmasına səbəb olub. Trampın bu bəyanatı diplomatik təmaslar ərəfəsində “maksimum hərbi təzyiq” strategiyası kimi qiymətləndirilir.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens aprelin 11-də Pakistanın ev sahibliyi ilə keçiriləcək danışıqlara rəhbərlik edəcək. ABŞ nümayəndə heyətində xüsusi nümayəndə Stiv Vitkof və Cared Kuşner də yer alacaq.

Ağ Ev İslamabadda keçiriləcək görüşlərin birbaşa formatda baş tuta biləcəyini təsdiqləyib.

Vens İran rəsmilərinə danışıqlara ciddi yanaşmaq mesajı göndərərək bildirib ki, Tehran qarşısında iki seçim var – diplomatik yol və ya hərbi qarşıdurma. O qeyd edib ki, yekun qərar İran rəhbərliyinə məxsusdur.

ABŞ tərəfi Livandakı hadisələrin atəşkəs razılaşmasına daxil edilməsini qəbul etməyib. O, bildirib ki, İsrail danışıqlar prosesinə imkan yaratmaq üçün təmkin nümayiş etdirir, lakin Hörmüz boğazının neft daşımaları üçün açılması istiqamətində təzyiq davam edəcək.

Vaşinqton üçün əsas sınağın İranın boğazı açmaq öhdəliyinə əməl edib-etməyəcəyi olduğu vurğulanıb. Bildirilib ki, bu öhdəlik pozularsa, regiondakı ABŞ dəniz qüvvələri dərhal müdaxilə edə bilər.

Seçilən
23
vaxt.az

1Mənbələr