Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, narkokuryerlik etməkdə şübhəli bilinən 31 yaşlı Saleh Soltanovdan 14 kiloqram 240 qram tiryək və marixuana, 46 yaşlı Eldəniz Bağırovdan 17 kiloqram 350 qram marixuana, 200 ədəd metadon həbi, 22 yaşlı Nicat Hüseynov və onun tanışı 31 yaşlı Zeynalxan Süleymanovdan 18 kiloqram 620 qram marixuana, 43 yaşlı Rauf Ələsgərov və 28 yaşlı Baba Əzizovdan isə 22 kiloqram həşiş qətranı, tiryək, marixuana aşkarlanıb.
Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 72 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.