AZ

İri transfer büdcəsi istədi, siyahını masanın üzərinə qoymadı, indi isə…

Misli Premyer Liqasının 26-cı turunda doğma meydanda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olan “Sumqayıt”ın baş məşqçisi Saşa İliç komandadakı uğursuz gedişat və mümkün istefası barədə danışıb.

Serbiyalı mütəxəssis yenilgini fərdi səhvlərlə əlaqələndirib.

“Biz bir neçə səhvə yol verdik və buna görə də cəzalandıq. Futbolçulara konkret tapşırıqlar veririk.

Məsələn, Səbuhi Abdullazadəyə deyirik ki, mərkəzdə səhv etmək olmaz, amma bu, təkrar-təkrar baş verir.

Ona qarşı xüsusi narazılığım yoxdur. Bu gün Səbuhi, sabah Masaka, o biri gün Ninkoviç səhv edir.

Biz bir nəfərə müraciət edirik, amma hamı nəticə çıxarmalıdır. Çünki “Neftçi” kimi komandalar səhvləri bağışlamır”, - deyə İliç söyləyib.

İliç ardıcıl 10 oyundur qələbə qazana bilməmələri və istefa ehtimalı barədə verilən suala da aydınlıq gətirib:

“İstefa ilə bağlı qərarı klub rəhbərliyi qəbul edir. Heç bir problem yoxdur.

Premyer Liqada bizdən güclü 4-5 klub var. Bizim pik nöqtəmiz keçən ilin noyabrına təsadüf etdi.

O vaxt güclənməyi planlaşdırırdıq, lakin transferlər baş tutmadı. İndi gənclər özlərini göstərmək üçün şans qazanmalıdırlar”.

Balkanlı çalışdırıcı artıq neçənci dəfədir ki, qış transfer planlarının baş tutmadığını təkrarlayır. İliç ad çəkməsə də, bir neçə mövqeni gücləndirmək istədiyini bildirib.

Sabiq ”Qalatasaray”lının niyə isim hallandırmamasına gəlincə… O, klub rəhbərliyinin masasının üzərinə siyahı qoymayıb.

Sadəcə, yeni oyunçuların alınması üçün əlavə büdcənin ayrılmasını tələb edib. Özü də kifayət qədər iri məbləğdən söz açıb.

”Kimyaçılar”ın isə buna gücü çatmayıb.

SPORTİNFO.AZ

Seçilən
30
sportinfo.az

1Mənbələr