AZ

Musiqiyə haram demək ilahi nemətə üsyandır-

Toy, nikah, sünnət məclislərində musiqinin olması Həzrət Peyğəmbərin buyruqlarından, yəni sünnətdir. Bu barədə sünni və şiə mənbələrindən nümunələr aşağıdakı kimidir. Həzrət Peyğəmbər buyurmuşdur:
"Nikahı elan edin, onu məscidlərdə kəsin və (elan etmək üçün) dəf çalın." (Tirmizi, "Nikah", 6; İbn Macə, "Nikah", 20).
Təbii ki, o dövrdə əksər işlər məsciddən idarə olunduğu üçün nikah da məsciddə kəsilirdi. İndi isə bu kimi məsələlərlə bağlı aidiyyəti dövlət qurumuna müraciət etmək lazımdır. Bu meyarla da dəfi, musiqini məsciddə yox, şənlik məclisində nikah mərasimindən sonra istifadə etmək olar. Əslində vacibdir. Çünki hədislərdə təkid olunur.
Habelə digər bir rəvayətdə deyilir: "Nikahda haramla (zina ilə) halalın arasındakı fərq, səs (musiqi) və dəfdir" (Tirmizi, "Nikah", 5; Nəsai, "Nikah", 72).
Yəni, adətən zina gizli şəkildə icra edilir. Lakin halal evlilik, qanuni əqd nümayişkəranə şəkildə elan olunmalıdır. Bu elan da əzan yaxud mərsiyyə ilə deyil, məhz musiqi ilə olmalıdır.
Şiə mənbələrində də nikahın aşkar şəkildə keçirilməsi və dəf çalınması barədə rəvayətlər mövcuddur. Həsrət Peyğəmbərin belə buyurduğu nəql olunur: "Nikahı aşkar edin və dəf çalın" (Vəsailüş-şiə, c. 22, s. 31, hədis 27958).
Bu kimi hədisləri hərfi mənada anlayan və reformu, dövrün dəyişməsini qəbul etməyən mühafizəkarlar deyir ki, sadəcə bir dəf götürüb onu çalmaq lazımdır. Amma onu unudurlar ki, bu göstəriş verilən zamanda Məkkə və Mədinədə dəfdən savayı müsiqi aləti yox idi. Əgər olsaydı şübhəsiz ki, Həzrət Peyğəmbər dəf, saz, ney çalın deyəcəkdi. O dövrdə geniş istifadə olunan alət dəf olduğu, səsi də daha uzaqlara yayıldığı üçün bu alət təkid olunub.
İslam ah-vay, bədbinlik, ağlaşma dini deyil. Əksinə ən nikbin dindir və hətta adamın ölüb yox olmasını qəbul etmir, əbədi yaşadığını təbliğ edir. Ona görə insanların vəfat etdiyi zaman ağlaşmanı, təəssüfü də Allaha və onun hökmünə üsyankarlıq kimi xarakterizə edir.
İndi bəzən toylar keçirirlər, sanki yas yeridir. Hətta bəzilərində mərsiyə də oxuyurlar. Qəm qəm gətirər deyiblər. Elə hər işdə ağlaşa-ağlaşa ağlar günlərə qaldıq. Nə qədər bəyquşluq olar? Bunun nəticəsidir ki, hardan Quran səsi, halva qoxusu gəlirsə, elə bilirlər yasdır. Halvanı yas xörəyinə, Quranı ölü kitabına döndərdi xurafatçı goreşən molla sürüsü. Sabir, Mirzə Cəlil, Haqverdiyev də ayılda bilmədi mövhumatdan bihuş olmuş bu miskin cəmiyyəti...
İndi də deyirlər toyda musiqi haramdır. Təbii ki, bu İslamın hökmü deyil. Mövhumat və xurafat əhli olan istismarçı ruhani sinfinin uydurduğu zülmət nümunələrindəndir.
Allah Quranda Qiyamət səhnəsinin başlanmasını əzanla, mərsiyyə ilə yox, İsrafil mələyin Sur çalması ilə elan edəcəyini bəyan edir. Demək elə bir həzin, ruha təsir edən melodiya çalınacaq ki, bütün ölülər diriləcək. İndi buna daxilən inanmırlarsa özləri bilər.
Musiqi haramdırsa Allah haram alətləmi dirilişi elan edir? Bədbəxt biçarələr o qədər hamını şərləyiblər ki, az qalır Allahı da şərləyələr.
Vayın vay, toyun da toy yeri var. Əndazəni gözləmək şərti ilə musiqidən istifadə etmək münasibdir. Böyük İslam filosofları Fərabi, İbn Rüşd və İbn Sina musiqinin insan sağlamlığına, ruhuna faydalı olması haqda əsərlər yazıblar.
Adətən musiqidən uzaq adamlar qəddar, aqressiv və sərt olur. Bütün radikal dindarlar, terrorçu şəbəkələr musiqini haram bilənlərdir. Baxın İŞİD nələr törətdi, İran rejimi hansı oyunları çıxarır, Taliban nə hoqqa verir...
Tarix boyu dünyanı qana çalxalayanların çoxu musiqidən, incəsənətdən uzaqlaşmış, qəlbi qatı, vəhşi təbiətli qövmlər olub.
Meşədə quşların oxuması, şəlalənin şırıltısı, küləyin səsi də musiqidir. Bax, Betxoven, Motsart kimi klassiklər əksər simfoniyaları təbiət qoynunda yazıblar. Təbii ki, Üzeyir Hacıbəylinin əsərlərindən, Qara Qarayevin bəstələrindən, Şəfiqə Axundovanın mahnılarından uzaq olan adam daxilən vəhşiləşəcək. İşi - peşəsi ancaq sosial şəbəkələrdə məzhəb ixtilafı salıb adam söymək olacaq.
Quran özü də musiqi üstündə oxunur. Məqamlar bir növ muğamdır. Əzan xüsusi musiqi üstündə oxunur. İnsan səsinin özü ən təbii musiqidir ki, müqəddəs kitablar avazla oxunur. Həzrət Muhəmmədə vəhy də musiqi ilə nazil olub. Davud Zəburu muğamla oxuyurdu. Övliya Çələbi yazırdı ki, Musa peyğəmbər çobanlıq edərkən ney çalardı.
Əgər Yaradan dünyanın başlanğıcında öz kəlamını melodiyaların müşayiəti ilə nazil edibsə, sonunu da İsrafilin Suru ilə bitirəcəksə musiqiyə haram demək ilahi nemətə üsyandır.
Tural İrfan, dinşünas
Seçilən
2
news365.az

1Mənbələr