Azərbaycan hərbçiləri beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edir
Türkiyənin Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Ankası - 2026” (“Anatolian Phoenix - 2026”) beynəlxalq axtarış-xilasetmə təliminə start verilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmin olunması və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir.
Qeyd edək ki, aprelin 17-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.
Məlumdur ki, Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. Buna nümunə olaraq, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş” hərbi təlimlərini göstərmək olar. Eləcə də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity” kompüter dəstəkli komanda-qərargah təlimini də xatırlamaq olar. Beynəlxalq əməkdaşlıq çərçivəsində daha bir hərbi təlim isə Qazaxıstanda keçirilib. 2024-cü il iyulun 8-dən 17-dək Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətində Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın hərbi qüvvələrinin iştirakı ilə regional beynəlxalq təlimlər baş tutub. Təlimlərə təxminən 4 min hərbi qulluqçu və 700-dək hərbi texnika cəlb olunub.
İki qardaş ölkə olan Azərbaycanla Türkiyənin keçirdiyi birgə təlimlər isə artıq ənənə halını alıb. Belə ki, Azərbaycan və Türkiyənin “Mustafa Kamal Atatürk”, “Anadolu Qartalı”, “Sarsılmaz Qardaşlıq”, “Qış təlimi-2025” birgə təlimləri xüsusi vurğulanmalıdır. Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda da birgə təlim keçirlər. Həmin təlimin adı “Birgə komando təlimi” adlanır. Yeri gəlmişkən, bugünlərdə iki qardaş ölkənin hərbçilərinin Qarsda “Heydər Əliyev-2026” adlı birgə hərbi keçirilib.
Xatırladaq ki, ötən ilin mayında da Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri “Anadolu Ankası- 2025” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmişdilər. Mövzu ilə bağlı Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Azərbaycanın dövlət siyasətinin ən mühüm prioritetlərindən biri ordu quruculuğudur. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, antiterror tədbirləri zamanı ortaya qoyulan peşəkarlıq və operativlik ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.
Millət vəkili qeyd edib ki, hazırda dünyada, o cümlədən regionumuzda mürəkkəb proseslər davam edir. Yeni dünya nizamının formalaşdığı bir zamanda Azərbaycan xarici siyasət kursunda dost və müttəfiq ölkələrlə əlaqələri daha da gücləndirməkdədir. Təbii ki, bu sırada qardaş və strateji müttəfiq olan Türkiyə ilə münasibətlər xüsusi yer tutur. “Regionun güclü və nüfuzlu dövlətləri olan Azərbaycanla Türkiyə daim müxtəlif səviyyələrdə təmasdadır və ikitərəfli, o cümlədən regional proseslərlə bağlı koordinasiyalı şəkildə əməkdaşlıq edirlər. Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipi ilə dünyaya örnək olan, qardaşlıq və birlikdəlik ruhunu əks etdirən, qədim tarixə, dərin köklərə malik ölkələrdir. Həmçinin Azərbaycan və Türkiyə geosiyasi baxımdan strateji tərəfdaşlar olaraq, regional və qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edirlər. Bu əlaqələr, həmçinin türk dünyası çərçivəsində birliyin və əməkdaşlığın təmin edilməsi istiqamətində bir model kimi çıxış edir”, - deyən deputat əlavə edib ki, ölkələrimizin hərbi sahədəki əməkdaşlığı da hər zaman böyük önəm daşıyıb. Çünki Türkiyə ilə Azərbaycanın hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlığı bölgənin sabitliyi, təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərir və bu əməkdaşlıq da həm regional, həm də qlobal səviyyədə birgə təhlükəsizlik təşəbbüslərini özündə ehtiva edir. Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsi prosesində Türkiyənin siyasi dəstəyi də ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə səbəb olub. Həmçinin, bu baxımdan ölkələrimiz arasında birgə hərbi təlimlərin keçirilməsi, silah tədarükü və müdafiə sənayesi sahəsindəki layihələr mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycanın müdafiə qabiliyyətinin artırılması istiqamətində Türkiyənin verdiyi dəstək, xüsusilə hərbi təlimlərlə davam edir. İki ölkənin keçirdiyi hərbi təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri regional təhlükəsizliyi təmin etmək üçün güclü təməl yaradıb. Bu təlimlər, həmçinin NATO ilə əməkdaşlıq çərçivəsindəki əlaqələri gücləndirir və qardaş ölkələrimizin beynəlxalq təhlükəsizlik məsələlərindəki həmrəylini daha da möhkəmləndirir. Xüsusilə, Şuşa Bəyannaməsi hərbi sahədə əməkdaşlığı dərinləşdirib. Azərbaycanda müasir ordu quruculuğu işləri davam edir və yeni mərhələdə silahlı qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılıb”, - deyə K.Bayramov vurğulayıb.
Nardar BAYRAMLI