ABŞ prezidenti Donald Tramp ilə Mark Rutte arasında Ağ Evdə keçirilən görüş diqqət mərkəzinə çevrilib. Görüş, Trampın Avropa müttəfiqlərini ABŞ-İsrail xəttində İranla bağlı mövqeyə qoşulmadıqları üçün sərt tənqid etməsindən sonra baş tutub.
Vətəninfo.az xəbər verir ki, NATO baş katibi ilə müzakirələr qapalı qapılar arxasında keçirilib. Görüşdən sonra Rutte danışıqları “açıq və səmimi” kimi xarakterizə etsə də, ABŞ-ın NATO-dan mümkün çıxışı ilə bağlı konkret açıqlama verməkdən yayınb.
ABŞ prezidenti isə görüşdən sonra açıqlamasında alyansın Vaşinqtona yetərincə dəstək vermədiyini vurğulayıb. O, xüsusilə “ehtiyac olan vaxt NATO-nun ABŞ-a kömək etməməsindən” narazılığını ifadə edib və Qrenlandiya məsələsinə də toxunub.
Qeyd edək ki, Trampın Danimarkaya məxsus muxtar ərazi olan Qrenlandiya ilə bağlı əvvəlki bəyanatları alyans daxilində ciddi narahatlıq yaradıb. ABŞ prezidenti daha əvvəl adanı əldə etmək niyyətini dilə gətirsə də, sonradan bunun hərbi yolla həyata keçirilməyəcəyini bildirib.
Eyni zamanda, “Wall Street Journal” nəşrinin məlumatına görə, Tramp İran məsələsində ABŞ-İsrail mövqeyini dəstəkləməyən Avropa ölkələrinə qarşı müəyyən “cəzalandırıcı addımlar” atmağı nəzərdən keçirir. Bu isə transatlantik münasibətlərdə yeni gərginlik mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.