AZ

Özəlləşdirmə çekləri: parlamentə konstitusion müraciət

ain.az, Ayna saytına istinadən bildirir.

Milli Məclisin məsuliyyəti və qanunvericilik təşəbbüsünün zəruriliyi

Sosial şəbəkədə 42 min ailəni özündə birləşdirən “Özəlləşdirmə Çekləri Qrupu” adından Azərbaycan Milli Məclisinə növbəti açıq müraciət ünvanlanıb. AYNA.AZ müraciətin mətnini təqdim edir:

“Hörmətli xanım Sədr və hörmətli deputatlar!

Biz, Azərbaycan Respublikasının vətəndaşları olaraq, sizə bu müraciəti dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı qanunvericiliyin faktiki olaraq tətbiq edilməməsi, vətəndaşların konstitusion mülkiyyət hüquqlarının həyata keçirilməməsi və bu məsələnin qanunvericilik səviyyəsində həll olunması zərurəti ilə bağlı təqdim edirik. Problemi araşdırmaq xalqın nümayəndələri kimi sizin vəzifə və vicdan borcunuzdur.

Milli Məclisin konstitusion statusu və öhdəliyi

Azərbaycan Respublikası Konstitusiyasına əsasən:

Maddə 81 – Milli Məclis Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirir;

Maddə 94 – Milli Məclis mülkiyyət münasibətlərini və insan hüquqlarının təminatı mexanizmlərini qanunvericilik qaydasında tənzimləyir;

Maddə 96 – qanunvericilik təşəbbüsü hüququnu müəyyən edir.

Milli Məclisin deputatları Azərbaycan xalqı tərəfindən seçilmiş və xalqın iradəsini təmsil edən ali qanunvericilik hakimiyyəti nümayəndələridir. Bu səbəbdən vətəndaşların konstitusion hüquqlarının həyata keçirilməsinin təmin edilməsi Milli Məclisin birbaşa konstitusion vəzifəsidir.

Hüquqi və faktiki vəziyyət

Yaxşı bilirsiniz ki, hansısa bir fərman qanun maddəsini nə dayandıra, nə də ləğv edə bilər. Bütün deputatlar deyir ki, Qanun Şahdır!

Paradoksal hal yaranıb – bunu bilə-bilə Milli Məclisdə aşağıdakı həqiqətlər barədə susurlar. Xalq inanır ki, siz müzakirələrə başlasanız, oliqarx məmurlar öz çirkin əməllərindən əl çəkəcək və xalqa qarşı düşmənçiliyə son qoyacaqlar.

Ulu Ödər Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununa əsasən, özəlləşdirmə payları vətəndaşların mülkiyyətidir. Bu gün qüvvədə olan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 10-cu maddəsinə əsasən, özəlləşdirmə çekləri ödəmə vasitəsidir və bu norma bu gün də qüvvədədir.

Lakin Konstitusiya və qanunlar pozularaq, Ulu Öndər vəfat edəndən 6 ay sonra, Ramiz Mehdiyevin və onun ətrafındakı oliqarx məmurların xəyanəti və cənab Prezident İlham Əliyevin etibarından sui-istifadəsi sayəsində imzalanmış Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 75 nömrəli fərmanının 1.1 bəndinin tətbiqi nəticəsində:

bu hüquqlar artıq 16 ildir faktiki olaraq həyata keçirilmir,

qanunun tətbiqi təmin edilmir,

məhkəmələr bu hüquqları effektiv müdafiə etmir.

Bu vəziyyət nəticəsində yüzminlərlə Azərbaycan ailəsinin qanunla verilmiş mülkiyyət hüquqları faktiki olaraq reallaşdırılmamış vəziyyətdə qalıb.

Xalqın nümayəndəliyi və parlamentin məsuliyyəti

Milli Məclis deputatları birbaşa xalq tərəfindən seçildiklərinə görə:

vətəndaşların hüquqlarının qorunması deputatların konstitusion borcudur;

qanunların icrasının təmin edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü göstərilməsi deputatların səlahiyyətinə daxildir;

konstitusion hüquqların uzun müddət təmin edilməməsi qanunvericilik müdaxiləsini zəruri edir.

Qanunvericilik təşəbbüsünün zəruriliyi

Mövcud vəziyyət göstərir ki:

qanunun icrası təmin edilməyib;

Qanundan aşağı qüvvəli normativ aktların tətbiqi nəticəsində konstitusion hüquqlar həyata keçirilməyib;

bu məsələnin qanunvericilik səviyyəsində həlli zəruridir.

Xahiş edirik

Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq sizlərdən xahiş edirik:

Özəlləşdirmə payları ilə bağlı vətəndaşların hüquqlarının təmin olunması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış edilməsini təmin edəsiniz;

Bu məsələ ilə bağlı Milli Məclisdə müzakirələrin təşkil edilməsinə təşəbbüs göstərəsiniz;

Vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması üçün zəruri qanunvericilik mexanizmlərinin hazırlanmasına göstəriş verəsiniz;

Qanun və fərman arasında yaranmış bu ziddiyətin həll edilməsi vacibdir və bu məsələnin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsi üçün Milli Məclisin səlahiyyətlərindən istifadə edilməsinə baxılmasını təmin edəsiniz.

Xüsusi qeyd

Bəzi deputatlar və ziyalılar hüquqşünas olmadıqları üçün, qiymətli kağızların dövriyyəsi, tədavül və ödəmə-tədiyyənin fərqli hüquqi anlayışlar olması barədə məlumatsızdırlar. Bu səbəbdən “Facebook”da 42 min ailəni özündə birləşdirən və yüzminlərlə vətəndaşı təmsil edən “Özəlləşdirmə Çekləri Qrupu” adından hüquqşünas alimlərin hazırladığı, mətbuatda yayılmış “Özəlləşdirmə çekləri: hüquqi status, qanuni əsaslandırma və Milli Məclisə müraciət” adlı məqaləni diqqətinizə çatdırırıq – orada bütün mətləblər incəliyinə qədər yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
ayna.az

1Mənbələr