AZ

“ABŞ nin NÜFUZU ZƏRBƏ ALDI, İRANI ÇÖKDÜRMƏK MÜMKÜN OLMADI... İranda hakimiyyət daxilində güc balansı dəyişə bilər”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Azad İsazadə: “Müharibədə ən az xalı Tramp hökuməti qazandı... İran ABŞ-ni atəşkəsə razılaşmağa məcbur edən tərəflərdən biri oldu”

"Regiondan ABŞ-nin çıxması ilə yaranacaq boşluğu Türkiyə və Pakistan doldura bilər”

“Bu müharibə göstərdi ki, ABŞ-nin mövcud olduğu ölkələr zərbə altına düşür...”

Hərbi ekspert Azad İsazadə “AzPolitika”ya müsahibəsində ABŞ–İran arasında atəşkəsə aparan səbəblər, tərəflərin itkiləri və mənfəətləri, Tehranın regionda yürütdüyü siyasətdə mümkün dəyişikliklər, eləcə də bu ətrafda digər sualları cavablandırıb. Müsahibəni təqdim edirik:

-Azad bəy, İran və ABŞ arasında əldə olunan atəşkəs razılaşmasını hər iki tərəf özünün qələbəsi kimi təqdim edir. Bu təbiidir, amma sizcə, reallıq nədən ibarətdir?

-Belə deyək, bunu boksla müqayisə etsək, heç bir döyüşçü “nokaut”la qələbə qazanmadı, xal hesabı ilə nəticə müəyyən olundu. Ən çox xal toplayan tərəf İsrail oldu. İkinci yerdə İran gəlir. Ən az xal toplayan isə faktiki olaraq ABŞ oldu, daha dəqiq desək, Tramp administrasiyası.

-Ən güclü olan ən az xal topladı?

-İndi fikrimi izah edim. İsrail ABŞ-nin dəstəyi ilə əvvəllər edə bilmədiyini etdi. İran üzərində hava üstünlüyü qazandı, təyyarələri sərbəst uçurdu, çata bildiyi obyektləri vururdu. Xeyli sayda generalı və rəhbər şəxsləri öldürdü. SEPAH-ın qərargahları, “Bəsic” qüvvələrinin mərkəzləri, hətta küçələrdəki nəzarət məntəqələri də hədəf alındı. İsrail anlayırdı ki, Tramp istənilən anda prosesdən geri çəkilə bilər. Buna görə də fürsətdən istifadə edərək İranı maksimum zəiflətməyə çalışdı ki, gələcəkdə təhlükə səviyyəsi aşağı düşsün. Bu müharibə İsrail üçün başqa baxımdan da sərfəli oldu. Çünki İran bəzi hallarda ərəb-müsəlman ölkələrinin ərazilərinə də zərbələr endirdi və nəticədə onların dolayısı ilə İsraillə müəyyən mənəvi yaxınlaşmalarına səbəb oldu. Onsuz da Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt kimi ölkələrlə münasibətlər normallaşma istiqamətində idi. Bu proses daha da sürətlənə bilər. Eyni zamanda istisna deyil ki, İsrail bu atəşkəsi pozmaq üçün uyğun fürsət axtarsın və yenidən əməliyyatlara başlasın. Bəlkə qısa müddət fasilə verəcək, amma məsələ təkcə İranla bitmir. “Hizbullah”la da paralel proses gedir və İsrail orada da əməliyyatlarını davam etdirə bilər. İran isə ciddi itkilər verdi, xüsusilə hərbi baxımdan. İnsan itkilərini və humanitar tərəfi kənara qoysaq, hərbi infrastruktura ciddi zərbə dəydi. Donanma tam məhv olmasa da, xeyli zəiflədi. Hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri zərər gördü. Bir çox hərbi obyektlər, zavodlar, qərargahlar dağıdıldı, yüksək rütbəli şəxslər həlak oldu.

Bununla belə, İran çökmədiyini göstərdi. Daha doğrusu, İranı çökdürmək mümkün olmadı. Xüsusilə enerji və dəniz daşımalarına nəzarəti qoruyub saxladı və hətta bu sahədə əlavə təsir imkanları formalaşdırmağa çalışır. Ən vacibi isə odur ki, İran təslim olmadı, kapitulyasiya etmədi və ABŞ-ni atəşkəsə razılaşmağa məcbur edən tərəflərdən biri oldu.

-Elə ABŞ-də də əsas mövzu Tramp administrasiyasının bu müharibədən nə qazanmasıdır...

-ABŞ bu müharibəyə qədər regionda daha dominant mövqedə idi. Amma proses göstərdi ki, istədiyi nəticəni tam şəkildə əldə edə bilmədi və müəyyən mənada geri addım atmağa məcbur qaldı. Nə qədər hərbi bazalar saxlayırdı. Rəsmi səbəb o idi ki, həmin bazaların mövcudluğu bu dövlətlərin təhlükəsizliyini təmin etmək üçündür. Bu müharibə göstərdi ki, ABŞ-nin mövcud olduğu ölkələr əksinə, zərbə altına düşdü. Deməli, siz nəinki təhlükəsizliyi təmin edirsiniz, hətta təhlükə yarada bilərsiniz. İstisna etmirəm ki, yaxın vaxtlarda bəzi ərəb ölkələri məsələ qaldırsın ki, siz bizi qorumursunuz, əksinə risk yaradırsınız və çıxıb getməlisiniz. Eyni zamanda mətbuatda da qeyd olunurdu ki, bəzi ərəb monarxiyaları müharibənin tez bitməsini istəmirdilər. Çünki ABŞ çıxsa, onlar İranla təkbətək qala bilərlər. Və hələ məlum deyil ki, bundan sonra İran necə davranacaq. Həmçinin hər ərəb ölkəsinin daxilində – bəzisində çox, bəzisində az olmaqla – şiə icmaları mövcuddur. İstər Səudiyyə Ərəbistanında, istər Qətərdə və digər ölkələrdə. Bu da əlavə daxili faktor kimi rol oynayır. Bütün bunlara görə ABŞ-nin nüfuzu müəyyən dərəcədə zərbə aldı.

İkinci, daha bir nüfuz itkisi Çinlə bağlıdır. ABŞ Çinə qarşı daha sərt mövqe tutmaq istəyirdi, amma İran məsələsində istədiyini tam edə bilmədi. Bu isə sual yaradır: belə olan halda Çinlə necə rəqabət aparacaq? Faktiki olaraq, dünya güclərindən ikisi – ABŞ və Rusiya müharibələrdə müəyyən zəiflik nümayiş etdirdi. Çin isə birbaşa müharibəyə qoşulmadı, amma prosesdən kənarda qalaraq öz mövqeyini qorudu. Hətta belə bir fikir də formalaşdı ki, İranın razılığa gəlməsində müəyyən mənada Çin faktorunun təsiri olub. Yəni məsələni daha çox Çin balanslaşdırdı, nəinki Tramp administrasiyası. Tramp isə prosesdə bəzən qeyri-müəyyən mövqe sərgilədi – sanki vəziyyətdən çıxış yolu axtarırdı.

Üçüncü mühüm məqam isə NATO və Avropa ölkələri ilə münasibətlərdir. Avropalı müttəfiqlər Trampdan müəyyən mənada uzaqlaşmağa başladılar. Çünki Ukraynaya qarşı müharibədə onların ABŞ-dən gözləntisi təhlükəsizlik təminatı idi, amma Tramp tez-tez bildirirdi ki, “bu sizin müharibənizdir, özünüz həll edin”. Bu isə etimadı azaltdı. Kanada, Danimarka kimi ölkələrlə gərginliklər yaşandı, Emmanuel Makron ilə münasibətlərdə də problemlər oldu. Hətta Səudiyyə Ərəbistanının rəhbərliyinə də sataşdı. Bu da ümumi olaraq Qərb daxilində müəyyən narahatlıqlar yaratdı və ABŞ rəhbərliyinin qərarvermə qabiliyyəti ilə bağlı suallar ortaya çıxdı.

Hərbi-texniki baxımdan ABŞ, əlbəttə ki, üstün idi. Amma müharibə təkcə hərbi texnika ilə qazanılmır. Bu, eyni zamanda siyasi prosesdir. Müharibənin əvvəlində əsas hesab belə idi ki, İsrail və ABŞ-ın təzyiqi nəticəsində İran daxilində sistem zəifləyəcək, hətta dəyişiklik baş verəcək. Amma bu baş vermədi. Əksinə, müharibə başlayanda cəmiyyət daha çox səfərbər oldu və vətənpərvərlik hissi gücləndi. Xaricdən gözlənilən dəstək və ya daxili parçalanma baş vermədi. Bu da ilkin planların tam işləmədiyini göstərdi. Söhbət burada hansısa rejimdən deyil, dövlətdən gedir. Yəni məsələ İran dövlətinin özüdür. “Mənim dövlətimə təhlükə yarana bilər” yanaşması hakim oldu.

-Azad bəy, bu razılaşmada İranın “qırmızı xətləri” qorunub saxlanılıb, yoxsa yox?

-Belə görünür ki, əsas məsələlərdə İran müəyyən xəttini qoruyub. Dəniz nəqliyyatına nəzarət İranda qaldı. Hakimiyyət də olduğu kimi yerindədir. Kompensasiya məsələsi də gündəmdədir. Sanksiyalara gəlincə, ehtimal ki, onları açıq şəkildə tam ləğv etməyəcəklər, amma müəyyən yumşalmalar və ya dolayı mexanizmlər ola bilər.

Kompensasiya məsələsinə gəldikdə isə, birbaşa ABŞ-nin ödəməsi real görünmür. Amma dolayı yollarla, xüsusilə region ölkələri vasitəsilə müəyyən maliyyə axınları ola bilər. Hətta belə fikirlər də var ki, bəzi ərəb ölkələri regionda gərginliyi azaltmaq üçün qeyri-rəsmi şəkildə İranla müəyyən iqtisadi razılaşmalara gedə bilərlər. Amma burada əsas məsələ daxili vəziyyətdir. Hazırda İranda faktiki olaraq hərbi təsirin artdığı müşahidə olunur. Yəni əvvəlki kimi sırf dini-siyasi elita yox, daha çox hərbi strukturlar, xüsusilə SEPAH ön plana çıxıb. İndi sual odur ki, bu balans müharibədən sonra necə olacaq — yenidən mülki-dini idarəetməyə qayıdacaq, yoxsa hərbi təsir daha da güclənəcək? Digər tərəfdən, sosial problemlər həll olunmayıb. Müharibə bitdikdən sonra, əgər daxildə narazılıq artsa, müəyyən sosial gərginliklər yarana bilər. Bu isə potensial olaraq daxili siyasi prosesləri daha da mürəkkəbləşdirə bilər.

-Bəs gedişatda Pezeşkian hökumətinin vəziyyəti necə olacaq?

-Prinsipcə, onun mövqeyi tam zəifləyib demək olmaz, hətta müəyyən mənada şansları qalır. Amma burada maraqlı bir ehtimal da var: ola bilər ki, Pezeşkian və digər mülki fiqurlar prosesdə “yumşaq xətt” kimi çıxış ediblər, SEPAH isə “sərt xətt” rolunu oynayıb. Yəni klassik “yaxşı polis – pis polis” bölgüsü kimi. Bu halda, onlar əslində koordinasiyalı şəkildə hərəkət etmiş ola bilərlər. Çünki belə yüksək səviyyəli siyasətdə bu cür rolların əvvəlcədən bölüşdürülməsi tez-tez rast gəlinən taktikalardandır. Pezeşkianın hakimiyyətdə qalması da müəyyən mənada bu balansın nəticəsi ola bilər. Əgər ciddi narazılıq olsaydı, onu daha tez kənarlaşdırmaq mümkün idi. Amma bu baş vermədi. Bu da göstərir ki, o, tamamilə sistemdən kənar bir fiqur deyil, əksinə, müəyyən razılaşmalar çərçivəsində fəaliyyət göstərir. Digər tərəfdən, müharibə dövründə yüksək vəzifəli şəxslər arasında itkilər də oldu və bu, siyasi elitanın strukturuna təsir göstərdi. Buna görə də yaxın dövrdə hakimiyyət daxilində müəyyən yenidənqurma və güc balansının dəyişməsi ehtimalı yüksəkdir.

-Bəs bu vəziyyətdə olan İran region üçün nə deməkdir?

-Müharibəyə cəlb olunan hər bir ölkə, təbii ki, oradan zəifləmiş formada çıxır. Ümumiyyətlə, müharibədən sonra hətta qalib gələn ölkə də zəifləyir. Amma müharibədən sonra təslim olmayan dövlət, sözsüz ki, çalışacaq ətrafda yenidən mövqe qazansın. Amma burada başqa bir məsələ də var: əgər ABŞ regionda bazaları çıxsa, o boşluğu kim dolduracaq?

-Çıxmaq perspektivi varmı?

-Əlbəttə, birdən-birə belə bir şey olmaz. Amma nüfuz azalarsa, o boşluğu praktik olaraq Türkiyə və Pakistan öz imkanları daxilində doldura bilər. Danışıqlarda da Pakistan və Türkiyənin rolu oldu. Üstəlik, unutmayaq ki, Pakistan və Türkiyənin güclü quru qoşunları və İranla uzun sərhədləri var. ABŞ-nin təyyarədaşıyan gəmisi gəlib-gedir, amma Pakistan və Türkiyənin qoşunları İranın sərhədindədir. Sözsüz ki, onlar istəməz və imkan verməzlər ki, İran Yaxın Şərqdə hegemon olsun.

-Bəs bizim Azərbaycan–İran münasibətləri necə olacaq?

-Biz Türkiyə ilə eyni mövqedə idik. Türkiyə faktoru, məncə, həm Tramp dəhlizi məsələsində, həm də İran–Azərbaycan münasibətlərində müəyyən zəmanət rolunu oynaya bilər. Bir də nəzərə alaq ki, müharibə vaxtı biz müəyyən jestlər etdik, o cümlədən humanitar yardımlar üçün sərhədi bəzən açdıq, bəzən bağladıq. Ümid edirəm ki, buna qiymət veriləcək.

-Rusiya bu prosesdə özünü necə apardı? Çinin təzyiqi, dəstəyi, vasitəçiliyi görünür, amma Rusiya sanki kənarda qaldı.

-Demək çətindir. Rəsmi olaraq heç bir tərəfə açıq qoşulmadı. Amma İsrail boş yerə Xəzərdə İranın donanmasına zərbə endirmədi. İranın oradakı donanması çox güclü deyildi. Amma İsrailin bu addımının səbəbi başqa ola bilər. Məsələn, Xəzər üzərindən Həştərxan və Ənzəli limanları arasında nəsə daşınırdı. Bu da o deməkdir ki, Rusiya müəyyən şəkildə kömək edirdi.

-Yeri gəlmişkən, ötən həftə Moskvada baş tutan Putin–Paşinyan görüşü gərgin keçdi, daha sonra Baş nazirin müavini Aleksey Overçuk Ermənistanı seçim etməyə çağırdı və hədələdi. Rusiya Ermənistandakı seçkilər ərəfəsində regionda hansı addımlar ata bilər?

-Məncə, sözsüz ki, çalışacaq seçkilərə təsir etsin. Amma aydındır ki, Paşinyanın uduzmaq riski çox aşağıdır. Çox güman ki, qalib gələcək. Rusiya da bunu başa düşür. Deməli, çalışacaq ki, maksimum dərəcədə öz tərəfdarlarını parlamentə keçirsin. Məqsəd odur ki, səs çoxluğu olmasa belə, heç olmasa müəyyən sayda mandat əldə edib koalisiya şəklində Paşinyanın islahatlarına maneçilik törətsinlər. Eyni zamanda, Azərbaycan–Ermənistan münasibətlərinə də parlament vasitəsilə müəyyən təzyiq göstərsinlər. Bir var ki, parlamentdə 10 nəfərdirlər, bir də var 25 nəfər. 25 nəfərin ətrafında da neytral və ya emosional şəkildə təsirlənə bilən deputatlar toplaşa bilər. Əgər Paşinyan hansısa mənfi addım atsa, məsələn, kilsə ilə, oliqarxlarla və ya Rusiya ilə qarşıdurma yaşasa, bu qüvvələr birləşə bilər. Amma Cənubi Qafqazda artıq aydındır ki, Rusiyanın nüfuzu zəifləyib. İlk dəfə idi ki, Paşinyan açıq şəkildə, hətta demək olar ki, Putini trollayırdı, demokratiyadan, sosial şəbəkələrdən danışırdı. Halbuki bunlar Rusiyada ciddi şəkildə məhdudlaşdırılıb. Digər tərəfdən, orada əsas məsələ odur ki, Rusiyada yaşayan ermənilər, yəni Rusiya vətəndaşları Ermənistan seçkilərində iştirak edə bilməyəcəklər. Bu da müəyyən mənada Rusiyanın təsir imkanlarını azaldır.

E. Rüstəmli

E. Bəyməmmədli

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
azpolitika.info

1Mənbələr