AZ

® Biznes subyektlərinin məmnunluğunun təmin edilməsi gömrük xidmətinin əsas strateji hədəflərindəndir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə “#bizislahatlarahazırıq” şüarı altında Milli Biznesin İnkişafı Forumunun XIV xüsusi sessiyası keçirilib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Xüsusi sessiya aprelin 8-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin inzibati binasında baş tutub. Tədbirdə müxtəlif sahələri təmsil edən şirkət sahibləri, rəhbər şəxslər və İdarə Heyətinin üzvləri iştirak ediblər. Sessiyanın əsas məqsədi biznes nümayəndələrinin mövcud sual və təkliflərinin müzakirəsi, onların operativ cavablandırılması və dövlət-biznes dialoqunun daha da inkişaf etdirilməsi olub.

Dövlət Gömrük Komitəsinin sədri, Şahin Bağırov-un iştirakı ilə keçirilən sessiyanın birinci hissəsində iştirakçılar gömrük sahəsində tətbiq edilən yeniliklər, mövcud prosedurlar və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıblar.

Forumun ikinci hissəsində sahibkarların sualları Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov tərəfindən cavablandırılıb.

Şahin Bağırov çıxışında qeyd edib ki, gömrük-biznes münasibətlərinin tərəfdaşlıq prinsipləri əsasında qurulması və biznes subyektlərinin məmnunluğunun təmin edilməsi gömrük xidmətinin əsas strateji hədəflərindəndir. Bu məqsədlə gömrük orqanları sahibkarlarla müxtəlif platformalarda səmərəli dialoqun qurulmasına, tətbiq ediləcək yenilik və layihələrin biznes nümayəndələri ilə birgə müzakirəsinə xüsusi önəm verir.

Telman Əliyev isə çıxışında Dövlət Gömrük Komitəsinin rəhbərliyinə, xüsusilə Şahin Bağırova göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib, qurumun biznes ictimaiyyəti ilə açıq və konstruktiv dialoqa daim hazır olduğunu vurğulayıb. O qeyd edib ki, Komitə sahibkarların müraciətlərinə həssas yanaşır, problemlərin həlli istiqamətində operativ addımlar atır.

Bildirilib ki, Dövlət Gömrük Komitəsi ilə “Caspian Energy Club” arasında fəaliyyət göstərən ikitərəfli işçi qrup çərçivəsində sahibkarları narahat edən məsələlər müzakirə olunur, effektiv həll yolları üzərində birgə iş aparılır. Eyni zamanda, hökumət tərəfindən yaradılan bir sıra işçi qruplarında “Caspian Energy Club”ın üzvləri Komitənin rəhbər heyəti ilə sıx əməkdaşlıq edirlər. Xüsusilə Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının işçi qruplarının yüksək effektivliyi vurğulanıb.

Tədbir çərçivəsində səsləndirilən təkliflər qeydə alınaraq Dövlət Gömrük Komitəsinə təqdim edilib. Sessiya zamanı iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

180 dəqiqə davam edən xüsusi sessiyanın sonunda Şahin Bağırova “Caspian Energy Club”ın fəxri üzvlüyünə dair sertifikat təqdim olunub.

Forum ənənəvi networking hissəsi ilə başa çatıb. Bu mərhələdə iştirakçılar arasında işgüzar əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi üçün əlverişli şərait yaradılıb.

“Caspian Energy Holding” haqqında

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən Caspian Energy Holding 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformaları, media layihələri, forumlar və mükafatları vahid “Milli.Biz” ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis olunub.

“Milli.Biz” ekosistemi çərçivəsində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən sahibkarlar üçün geniş networking imkanlarının yaradılması nəzərdə tutulur.

“Caspian Energy Holding”in tərkibinə “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group” və “Caspian Energy Research Group” daxildir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
azertag.az

1Mənbələr