AZ

“İran, yoxsa ABŞ qazandı” sualı və Prezident Əliyevin vaxtilə dedikləri...

ABŞ/İsrail–İran savaşında müvəqqəti və kövrək atəşkəsdən sonra aktuallaşan müzakirələrə sözardı... 

Fərz edək ki, sabah elə bir möcüzə oldu ki, Ukraynadakı 5 ildir davam edən savaş orduların indiki mövqeyində dayandırıldı. O zaman Kiyev (və dəstəkçiləri) deyəcək ki, qalib ukraynalılardır. Çünki nüvə silahı olan Rusiya Qərbin arzu etdiyi kimi strateji məğlubiyyətə uğradı, elan etdiyi məqsədlərinə çata bilmədi, xalq yadellilərə qarşı döyüşdü və sairə. Rusiya da 2022-ci ilin fevralında Ukraynada Zelenski hakimiyyətini dəyişmək daxil maksimalist şərtlərlə başladığı “xüsusi hərbi əməliyyatı” niyə dayandırdıqlarına, hansı strateji şəhərləri ələ keçirdiklərinə dair deməyə söz tapacaq.
Real olaraq eyni vəziyyətlə qarşılaşmışıq – ABŞ/İsrail–İran savaşında müvəqqəti və kövrək atəşkəsdən sonra kimin məğlub, kimin qalib olduğu haqqında müzakirələr gedir. Həm də bu, çayxana müzakirələri deyil, ciddi nəşrlər bu barədə yazır, araşdırır və s.
Futbolda da tərəfini tutduğun klub iki top fərqi ilə aşkar uduzsa da, deyirsən ki, yaxşı oynadılar, nəticəyə ədalətsiz hakim qərarları təsir etdi və s. O səbəbdən yalnız, məsələn, 10:0 hesablı məğlubiyyətə bəhanə tapmaq çətindir. Yəni mübahisəsiz qələbəyə. Ona görə “İran, yoxsa ABŞ qalib gəldi” sualı ətrafında müzakirələr növbəti savaşadək davam edəcək.
PictureVaxtilə yazmışdım ki, İranı üçüncü və ya dördüncü müharibədə məğlub etmək olar. İkisi gedib. İran, əlbəttə ki, sonuncu 40 gün davam edən savaşda ən çox qan itirən, itki verən tərəfdir. İllər öncə İrana hücum olacaq deyənlərə emosional adam kimi baxardıq, “Tehran rejimi ilə savaşa kim risk edər?” deyərdik. Amma bu mif artıq yoxdur. İrana raket zərbələrini də gördük, əfsanələşmiş Əli Xameneinin, tanınmış siyasətçilərin qətlini də, bombalanan paytaxt Tehranı da, bizim Təbrizi də...
Amma bu savaşın da elan olunmamış maksimalist hədəfləri vardı. Tramp hətta İranın ali dini liderinin onun razılığı ilə seçiləcəyini deyirdi. Bu baş vermədi. ABŞ İranın neft və qaz sərvətlərinə nəzarət etmək istədiyini açıq bəyan etmişdi – bu da olmadı. İran başsız qaldıqdan sonra ölkə daxilində “rejimin son qalıqlarına qarşı milyonların qiyamı” olacağı deyilirdi – bu da gerçəkləşmədi. İranın uran ehtiyatlarını tapıb aparmaq kimi iddialı əməliyyat da planlaşdırılırdı, amma bu da həyata keçmədi. Kürdləri və digər milli azlıqları silahlandıraraq ölkədə vətəndaş qırğını hazırlanması ən yüksək səviyyədə planlaşdırılırdı – bu plan da, Anadolu türkləri demişkən, “çöpə getdi”. Ölkənin bölünməsi və s. kimi planların gerçəkləşməməsi İrana “biz qalib gəldik”, Trampın və Netanyahunun opponentlərinə isə “siz uduzdunuz” deməyə əsas verir. Amerikalı jurnalist Taker Karlson da bu müzakirələrə qoşulub. O da deyib ki, hər şey sanki ABŞ-ın qalib gəldiyi kimi təqdim olunsa da, əslində ortada məğlubiyyət var. “Əməliyyata sərf olunan böyük maliyyə vəsaitlərinə baxmayaraq, ABŞ bu mərhələdə İranda və ya müharibədə rejim dəyişikliyinə nail olmayıb. Bu arada, regiondakı bazalarımız ciddi ziyana uğrayıb. Üstəlik, İran Hörmüz boğazına nəzarət edir", - deyə Karlson vurğulayıb.
PictureABŞ boynuyoğun dövlətdir, İsraili yanına alanda isə daha güclü olur. Savaşı nə vaxt başlayıb, nə vaxt bitirmək lazım olduğunu da indiyədək çox sınaqdan keçirib. Tramp qəliz qərarlar verə bilir, amma onun da eşidəcəyi kimlərsə var. Son savaşda Tramp İngiltərəyə çox sitəm etdi, ona görə indi də “Financial Times” yazır ki, atəşkəsin təşəbbüskarı İran hökuməti deyil, ABŞ prezidenti Trampdır. Nəşr hətta iddia edir ki, Ağ Ev administrasiyası həftələrdir ki, İranın Hörmüz boğazına nəzarət etməsinin yaratdığı iqtisadi yükü azaltmağa çalışaraq gizli şəkildə atəşkəs üçün səy göstərirdi. Diplomatik kommunikasiyalarla tanış olan beş mənbəyə görə, Tramp 21 martdan bəri atəşkəs istəyirmiş... Yeri gəlmişkən, ABŞ və İran arasında sülh danışıqlarının aprelin 10-u və ya 11-də İslamabadda keçirilməsi gözlənilir.

İlhamBu cür “qalib, yoxsa məğlub” müzakirələrinə ölkəmizdə də demək olar ki, hər yerdə rast gəlmək mümkündür. Zənnimcə, bu suala hələ bölgəmizdəki son müharibədən əvvəl Prezident Əliyev ən doğru cavabı verib: “Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb”. Əlbəttə ki, miqyasına görə Qarabağ və İran savaşı iki fərqli müharibədir. Qarabağ içimizdə 30 ilə yaxın qanayan yara idi. Amma Qarabağ da böyük güclərin hazırladığı oyun idi – ən azı 5 ölkə işğal altındakı Qarabağda iştirakçı idi- Rusiya, ABŞ, Fransa, İran, Ermənistan. Üçü nüvə dövləti idi. İki savaşla nəticələndi, çoxlu itkilər verdik. Amma bu separatizmin kökünü qurutduq, özümüz də, bölgəmiz də qurtuldu.
Baxın, xüsusilə son həftələr Rusiya Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışır. Yəni hələ də Azərbaycanın Qələbəsini həzm etmək istəmirlər. Ona görə biz də Qələbəmizi bizə yaxın edən və yaşadanlara daim minnətdarlıq hissini qorumalıyıq. Eləcə də bizə düşmənçilik edənlərin niyyətlərini unutmadan bu qızıl qaydanı yaddan çıxarmayaq: “Sülh istəyirsənsə, müharibəyə hazır ol...”
Nazim SABİROĞLU
Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr