Məşhur amerikalı müğənni Demi Lovato 4 ildən sonra yenidən böyük konsert turuna çıxacağını açıqlayıb. Müğənni “It's Not That Deep Tour” adlı tur çərçivəsində pərəstişkarları ilə görüşəcəyini bildirib.Lovato qeyd edib ki, səhnəyə qayıtmaq onun üçün həyəcanverici qərardır. O, xüsusilə yeni mahnısı “Sorry to Myself”i canlı ifa etməyə səbirsizləndiyini deyib.
Həftənin GORBAGORU

Erməni terrorunun məşhur ideoloqlarından biri, yazıçı Zori Balayan cəhənnəmə vasil olub. O, 1980-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Bu kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. Z.Balayan həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır.
Həftənin VARİSİ

Çeçenistan rəhbəri Ramzan Kadırov böyük oğlu Axmatı varisi kimi nəzərdən keçirməyə başlayıb. Bu iddia ilə “Novaya qazeta - Avropa” nəşri çıxış edib. Nəşrin bu qərara gəlməsinə səbəb Ramzan Kadırovun mart ayı ərzində etdiyi paylaşımlarda yanında əvvəlki kimi kiçik oğlu Adam deyil, məhz Axmatın görünməsidir. Bundan başqa, daha əvvəl Kadırovun varisi kimi qiymətləndirilən Adamın yerli mətbuatda getdikcə daha az görünməsi diqqətlərdən yayınmayıb.
Həftənin İMPİÇMENTİ

Nümayəndələr Palatasının demokrat üzvü Yassemin Ansari müdafiə naziri Pit Heqsetə qarşı impiçment maddələri təqdim edəcəyini açıqlayıb. Maddələr Heqsetin İranda ABŞ əməliyyatlarını idarə etməsi zamanı vəzifə və Konstitusiya öhdəliklərini pozması ilə bağlıdır. Ansari bildirib ki, Heqset “ABŞ hərbçilərini ehtiyatsızlıqla təhlükəyə atmaq və təkrarlanan müharibə cinayətlərinə yol vermək” səbəbindən impiçment və vəzifədən uzaqlaşdırılmağa layiqdir.
Həftənin İDDİASI

Yetkinlik yaşına çatmayan qızları hədəf alan şəbəkə qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin sağ olduğu iddia edilib. Bu iddianı amerikalı milyarder İlon Maskın atası Errol Mask “RİA Novosti”yə açıqlamasında səsləndirib. “O, sağdır. Epşteyn ölməyib. Buna heç bir şübhə yoxdur. Demək istəyirəm ki, onun ölmüş olması heç bir şəkildə, hətta uzaqdan belə mümkün deyil”, - o deyib.
Həftənin NƏTİCƏSİ

Rusiya Prezidenti Vladimir Putin bir neçə şəxsin Rusiya vətəndaşlığına qəbul edilməsi haqqında Fərman imzalayıb. Müvafiq sənəd dərc edilmiş hüquqi aktların rəsmi internet portalında dərc olunub. Sənədə əsasən, məşhur rus yazıçısı Lev Tolstoyun nəticəsi, 1972-ci ildə İsveçdə anadan olmuş Daniil Tolstoya Rusiya vətəndaşlığı verilib.