AZ

Livan niyə vurulur? - Deputat: "Netanyahu ABŞ–İran danışıqlarının iflasa uğradılmasına çalışır"

"İki gün öncə Amerika Birləşmiş Ştatları və İran arasında atəşkəslə bağlı razılıq əldə olunmasına, eləcə də sabah Pakistanda başlanacaq mühüm diplomatik danışıqların planlaşdırılmasına baxmayaraq, dünəndən etibarən İsrail Livana qarşı 1982-ci ildən bəri ən böyük zərbələrini endirib. Bu zərbələr beynəlxalq humanitar hüququn və beynəlxalq hüququn kobud şəkildə pozulması hesab olunur. Çünki İsrail bu dəfə Beyrutu bombalayarkən heç bir evakuasiya xəbərdarlığı vermədən, fərq qoymadan mülki vətəndaşları, binaları və yaşayış məntəqələrini hədəfə alıb".

Bu barədə Redaktor.az-a İsrailin Livana hücumlarından danışan deputat Tural Gəncəliyev bildirdi. Onun sözlərinə görə, artıq ölənlərin sayının minlərlə olduğu bildirilir ki, bu da böyük faciədir və dəhşətli nəticələr doğurur:

"Beyrut və Livanın Aralıq dənizi sahilində yerləşən digər tarixi şəhərlər, məsələn, Tir şəhəri və sahil boyunca yerləşən digər yaşayış məntəqələri minilliklərə dayanan tarixə malikdir. Bu şəhərlər UNESCO-nun maddi və qeyri-maddi irs siyahılarında yer alır. Həmin ərazilər qədim sivilizasiyaların, həmçinin xristian və İslam mədəniyyətlərinin izlərini özündə birləşdirən mühüm tarixi mirasdır. Bu cür ərazilərin bombalanması və dağıdılması İsrailin ABŞ–İran danışıqları ilə razılaşmadığını və bu proseslərin iflasa uğradılmasına çalışdığını göstərir. Əgər danışıqlar müsbət nəticələnərsə və İranla ABŞ arasında qarşılıqlı tələblər həllini taparsa, Hörmüz boğazı açılar və münaqişə dayandırılar. Bu vəziyyət isə İsrail üçün qəbuledilməz hesab olunur. Müharibənin başlanmasının əsas səbəblərindən biri kimi ABŞ-yə İsrailin təsiri və Baş nazir Binyamin Netanyahunun Donald Tramp üzərində təsiri göstərilir".

Müsahibimiz qeyd etdi ki, artıq ABŞ daxilində İsrailin müharibəsində ölkənin iştirakına qarşı ciddi etiraz dalğası başlayıb.

"Bu istiqamətdə geniş kampaniyalar aparılır. Mühüm rəsmi şəxslər istefa verir, ondan çox general hərbi əməliyyatların uğursuzluqla nəticələnəcəyini və fəlakətə gətirib çıxaracağını bildirərək vəzifəsindən ayrılır. Müdafiə naziri Pit Heqset bu şəxsləri vəzifədən uzaqlaşdırır. Bütün bunlar göstərir ki, hazırkı ABŞ administrasiyası daha çox İsrailin planları istiqamətində hərəkət edir və bu da ölkə daxilində ciddi narazılıq yaradır. İsrailin məqsədi aydındır: münaqişənin dayandırılmasına razılaşmır. İsrail Livan ərazisinə iddia irəli sürür. Əvvəllər Holan yüksəkliklərini nəzarətə götürdükdən sonra Livanın cənubunu, Litani çayına qədər olan əraziləri işğal edib özünə birləşdirmək planları mövcud idi. Hazırda isə İsrail ordusu Litani çayını keçərək daha şimala doğru irəliləmək və Livanın ərazi bütövlüyünü pozmaq niyyəti güdür.

Digər mühüm məqam ondan ibarətdir ki, Baş nazir Netanyahunun mövqeyi də müharibənin davam etməsindən asılıdır. Müharibə dayanarsa, onun ölkə daxilində ciddi etirazlarla üzləşəcəyi gözlənilir. Onun barəsində açılmış cinayət işi və məhkəmə prosesi yenidən gündəmə gələ bilər. ABŞ-də Tramp impiçment riski ilə üzləşdiyi kimi, Netanyahunun da korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə məhkəmə qarşısına çıxarılması ehtimalı var. Bu səbəbdən ictimai diqqətin müharibəyə yönəlməsi onun üçün vacib hesab olunur. Hazırkı vəziyyət böyük humanitar fəlakət kimi qiymətləndirilir. Livanda mülki əhalinin hədəfə alınması ilə bağlı artıq Avropa İttifaqı, Türkiyə, Körfəz ərəb ölkələri və digər dövlətlər tərəfindən ciddi etirazlar səsləndirilir. Beynəlxalq ictimaiyyət bu müharibənin dayandırılmasını və mülki əhalinin qorunmasını tələb edir", - deyə T.Gəncəliyev əlavə etdi.

NURİYYƏ

Seçilən
42
1
redaktor.az

1Mənbələr