AZ

TDT ölkələri arasında iqtisadi və siyasi əməkdaşlığın gücləndirilməsi strateji zərurətdir - ŞƏRH

Bakı, 9 aprel, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi müasir geosiyasi reallıqlar fonunda xüsusi aktuallıq kəsb edir.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert və jurnalist Mustafa Söğüt bildirib.

Onun sözlərinə görə, son illər ərzində TDT platformasında iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

“Üzv dövlətlər arasında qarşılıqlı ticarətin artırılması üçün tarif və qeyri-tarif maneələrinin aradan qaldırılması, rəqəmsal gömrük sistemlərinin tətbiqi və logistika infrastrukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər kimi müəyyən olunub. Bu prosesdə xüsusilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan kimi ölkələrin fəallığı diqqət çəkir. Orta Dəhlizin inkişafı TDT çərçivəsində iqtisadi əməkdaşlığın əsas sütunlarından birinə çevrilib. Bu dəhliz vasitəsilə Çin və Mərkəzi Asiyadan Avropaya uzanan yük axınlarının həcmi artmaqda davam edir. Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar, dəmir yolu və liman infrastrukturuna yatırılan investisiyalar regionun tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldir. Bu isə TDT məkanını qlobal ticarət zəncirində mühüm halqaya çevirir. Enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Zəngin enerji resurslarına malik olan üzv dövlətlər arasında koordinasiyalı siyasət həm enerji təhlükəsizliyinin təmin olunmasına, həm də ixrac imkanlarının genişləndirilməsinə xidmət edir. Xüsusilə Xəzər hövzəsi enerji layihələri və alternativ enerji sahəsində əməkdaşlıq gələcək dövr üçün yeni perspektivlər açır”, - deyə o vurğulayıb.

Mustafa Söğüt bildirib ki, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi də diqqət mərkəzindədir: “Birgə hərbi təlimlər, təhlükəsizlik üzrə təcrübə mübadiləsi və terrorizm, transmilli cinayətkarlıq kimi təhdidlərə qarşı koordinasiyalı mübarizə regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir. Humanitar sahədə əməkdaşlıq isə uzunmüddətli inteqrasiyanın əsas dayaqlarından biridir. Təhsil, elm və mədəniyyət sahələrində ortaq layihələrin həyata keçirilməsi, tələbə mübadilə proqramlarının genişləndirilməsi və ortaq media platformalarının yaradılması türk dünyasında ortaq kimliyin daha da güclənməsinə xidmət edir. Bu baxımdan ortaq əlifba təşəbbüsləri və mədəni irsin qorunması istiqamətində atılan addımlar xüsusi qeyd olunmalıdır”.

Siyasi ekspert bildirib ki, rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlıq da yeni dövrün əsas çağırışlarından biridir. Süni intellekt, “ağıllı şəhər” konsepsiyaları, elektron hökumət sistemləri və startap ekosistemlərinin inkişafı üzrə təcrübə mübadiləsi TDT ölkələrinin qlobal rəqabət qabiliyyətini artırır.

“Eyni zamanda, təşkilat daxilində maliyyə institutlarının yaradılması və ya mövcud mexanizmlərin gücləndirilməsi investisiya layihələrinin daha effektiv maliyyələşdirilməsinə imkan yaradır. Ortaq investisiya fondları və inkişaf banklarının fəaliyyəti regionda iri infrastruktur layihələrinin həyata keçirilməsini sürətləndirə bilər. TDT-yə üzv ölkələr arasında iqtisadi və siyasi əməkdaşlığın inkişaf etdirilməsi strateji xarakter daşıyır və bu prosesin davamlı şəkildə dərinləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Mövcud potensialın tam reallaşdırılması, qarşılıqlı etimadın gücləndirilməsi və ortaq maraqlar əsasında koordinasiyalı siyasətin həyata keçirilməsi türk dünyasını beynəlxalq münasibətlər sistemində daha güclü və təsirli aktora çevirəcəkdir”, - deyə türkiyəli ekspert vurğulayıb.

Seçilən
14
2
azertag.az

3Mənbələr