AZ

“Uşaqpulu” hər kəs üçün əlçatan olmalıdır? – DEPUTAT

Azərbaycanda hər uşağa “uşaqpulu” verilməsi məsələsi illərdir gündəmdən düşməyən və daim aktuallığını saxlayan sosial mövzulardan biridir.

Xüsusilə son dövrlərdə aylıq yaşayış xərclərinin artması, kommunal ödənişlərin yüksəlməsi və keyfiyyətli səhiyyə xidmətlərinə çıxışın çətinləşməsi valideynləri daha həssas vəziyyətə salır. 

Bu səbəbdən bir çoxları hesab edir ki, uşaqlara dövlət tərəfindən verilən müntəzəm maddi dəstək ailələrin yükünü müəyyən qədər yüngülləşdirə bilər.

Xatırladaq ki, ötən həftə Sumqayıtda baş verən hadisə “uşaqpulu”nun verilməsi məsələsini yenidən gündəmə gətirib.

Belə ki, aprelin 1-də Hacı Zeynalabdin Tağıyev qəsəbəsində çoxuşaqlı bir ailənin 6 övladı dəm qazından zəhərlənib.

Hadisədən sonra aprelin 3-də uşaqlardan biri vəfat edib. Hazırda 4 uşaq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında, digər bir uşaq isə Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsini davam etdirir.

Eyni zamanda, sosial şəbəkələrdə atanın 2 yaşlı övladının meyitini qucağında tutaraq “TikTok”da canlı yayım açması da geniş müzakirələrə səbəb olub.

Azərbaycanda qanunvericiliyə görə, ən azı 6 uşağı olan ailələrə hər uşağa görə 140 manat müavinət verilir və bu ailə üçün ümumilikdə təxminən 1260 manat məbləğ formalaşır.

Lakin bu kimi hadisələr aztəminatlı və çoxuşaqlı ailələrin sosial müdafiəsinin yetərli olub-olmaması ilə bağlı sualları yenidən aktuallaşdırır.

Sovet dövründə çoxuşaqlı ailələr üçün daha geniş anlayış tətbiq edilir, 4-dən çox uşağı olan ailələr bu kateqoriyaya daxil olunurdu. 1944-cü ildə təsis edilən “Qəhrəman ana” adı isə 10 və daha çox uşaq böyüdən qadınlara verilir və bu status sosial təminat və müxtəlif imtiyazlarla müşayiət olunurdu.

Həmin dövrdə dövlət tərəfindən çoxuşaqlı ailələr üçün mənzil təminatı daha sistemli şəkildə həyata keçirilir, uşaq bağçaları və körpələr evləri geniş şəbəkə ilə fəaliyyət göstərirdi.

Bu isə valideynlərin həm əmək bazarında iştirakını asanlaşdırır, həm də uşaqların gündəlik qayğılarının bir hissəsini dövlət üzərinə götürürdü. Bundan əlavə, kommunal xidmətlərdə və gündəlik məişət xərclərində tətbiq olunan güzəştlər ailələrin ümumi yükünü azaldırdı.

Çoxuşaqlı ailələr üçün yalnız maddi deyil, eyni zamanda sosial və institusional dəstək mexanizmləri də mövcud idi ki, bu da həmin ailələrin daha dayanıqlı şəkildə fəaliyyət göstərməsinə şərait yaradırdı.

Mövcud uşaq müavinətləri ailələrin minimum yaşayış ehtiyaclarını qarşılamağa kifayət etmədiyi halda, bu vəziyyəti yaxşılaşdırmaq üçün hansı alternativ sosial-iqtisadi dəstək mexanizmləri tətbiq oluna bilər?

Mövzu ilə bağlI “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, çoxuşaqlı ailələrə verilən müavinət məbləği real həyat xərcləri ilə müqayisədə kifayət etmir:

“Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş vermiş faciə bir daha göstərdi ki, sosial siyasətdə təkcə müavinət vermək kifayət deyil, eyni zamanda nəzarət, profilaktika və məsuliyyət mexanizmləri də paralel şəkildə işləməlidir.

Altı azyaşlının dəm qazından zəhərlənməsi, onlardan birinin həyatını itirməsi çox ağır hadisədir və bu, yalnız bir ailənin deyil, bütövlükdə sistemin problemlərinə işarə edir.

Bu kimi hallarda əsas sual yalnız “neçə manat müavinət verilir?” olmamalıdır. Daha vacib sual budur: bu ailələr nə dərəcədə nəzarətdədir, onların yaşayış şəraiti kim tərəfindən və necə yoxlanılır?

Hazırkı qanunvericiliyə əsasən, çoxuşaqlı ailələrə verilən müavinət məbləği real həyat xərcləri ilə müqayisədə kifayət etmir. Bu səbəbdən universal “uşaqpulu” məsələsi zamanla gündəmə gəlir. 

Lakin təkcə hamıya eyni məbləğin verilməsi problemi həll etmir. Əksinə, paralel olaraq ünvanlı sosial nəzarət, riskli ailələrin erkən aşkarlanması və sosial xidmətlərin gücləndirilməsi daha effektiv nəticə verə bilər”.

Onun sözlərinə görə, müasir yanaşma dəqiq hədəflənmiş şəkildə qurulmalıdır:

“Sovet dövründə tətbiq olunan bəzi mexanizmlər – mənzil təminatı, kommunal güzəştlər, uşaq müəssisələrinin əlçatanlığı, bu gün də müəyyən formada yenidən tətbiq oluna bilər. Amma müasir yanaşma daha çevik və hədəfli olmalıdır. Həm maddi dəstək, həm də sosial işçilərin müntəzəm monitorinqi təmin edilməlidir”.

Deputat qeyd edib ki, hər çoxuşaqlı ailə avtomatik olaraq sağlam və təhlükəsiz mühit demək deyil:

“Əgər valideynlər uşaqların həyat və sağlamlığı üçün risk yaradırsa, onların psixoloji vəziyyəti və ya davranışları uşaqların təhlükəsizliyini təmin etmirsə, bu zaman dövlət müdaxilə etməlidir.

Zərurət yaranarsa, uşaqların müvəqqəti olaraq ailədən ayrılması və dövlət nəzarətinə götürülməsi də istisna edilməməlidir. Uşaq hüquqları hər şeydən üstün tutulmalıdır.

Baş verən hadisə onu göstərir ki, biz yalnız nəticə ilə deyil, səbəblərlə mübarizə aparmalıyıq. Sosial yardım sisteminin təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və riskli ailələrlə fərdi iş aparılması artıq seçim deyil, zərurətdir”.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr