AZ

TƏBİB də böyük dəyişikliyin anonsu: gözlər ona çevrildi Nələr olacaq?

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycanda səhiyyə sahəsində idarəetmə ilə bağlı məsələlər vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Son illərdə isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyəti cəmiyyətdə narazılıq doğurur. Belə ki, qurum ətrafında tənqidi fikirlər səsləndirilir. Bu fonda TƏBİB-də aparılan kadr dəyişiklikləri xüsusi diqqət çəkir. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xalid Əhədov qurumun Müşahidə Şurasının sədri təyin olunub. Bundan əvvəl isə icraçı direktor Vüqar Qurbanov vəzifəsindən azad edilib.

Xalid Əhədov TƏBİB-i “sağalda biləcəkmi”?

Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, TƏBİB-in fəaliyyəti ətrafında müzakirələr təsadüfi deyil:

“Son qərarlar, Xalid Əhədovun təyinatı əslində sistem daxilində müəyyən dəyişikliklərə ehtiyacın artıq açıq şəkildə qəbul edildiyini göstərir. Amma əsas sual hələ də eyni qalır: bu dəyişikliklər real dönüş yaradacaqmı? Səhiyyə sahəsində bu gün ən ciddi problem ikitirəlik və dağınıqlıqdır. Formal olaraq mərkəzləşmiş siyasət mövcuddur, lakin praktikada koordinasiya zəifdir. Eyni sahəyə cavabdeh olan bir neçə qurumun mövcudluğu səlahiyyətlərin üst-üstə düşməsinə, məsuliyyətin isə yayılmasına gətirib çıxarır. Nəticədə sistem işləyir kimi görünür, amma effektiv deyil. Bu isə birbaşa vətəndaş məmnuniyyətinə təsir edir və narazılığı artırır. Digər ciddi məsələ səhiyyəyə yanaşmanın mahiyyətidir. Təəssüf ki, sistem getdikcə sosial xidmət modelindən uzaqlaşaraq daha çox biznes modelinə yaxınlaşır. Pasiyentə xəstə kimi deyil, potensial gəlir mənbəyi kimi baxılması cəmiyyətdə böyük etimadsızlıq yaradır. İcbari tibbi sığorta sistemi tətbiq olunsa da, bu, hələ də vətəndaşların gözləntilərini qarşılamır, onları real mənada “rahat” və “təhlükəsiz” hiss etdirmir”.

Razi Nurullayev

Deputat bildirib ki, xəstəxanalarda isə başqa bir problemli mühit formalaşıb:

“İdarəçilik çox vaxt peşəkarlıq üzərində deyil, qeyri-rəsmi münasibətlər, qruplaşmalar və müəyyən şəxslərin hegemonluğu üzərində qurulub. Bu isə kollektiv daxilində sağlam mühitin pozulmasına, işçilərin sıxışdırılmasına və motivasiyanın aşağı düşməsinə səbəb olur. Az sayda tibb işçisinə qazanmaq üçün geniş imkan yaradıldığı halda, böyük əksəriyyət, əsasən də kiçik və texniki heyət çox aşağı əməkhaqqı ilə çalışır. Ona görə də sosial baxımdan ağır vəziyyətdə qalır. Eyni zamanda, rəhbər vəzifələrdə olan şəxslərin hamısının ədalətli və obyektiv davranmaması, peşəkarlığın, müasir idarəetmə bacarıqlarının yetərli səviyyədə olmaması problemi daha da dərinləşdirir. Hələ də “yaxşı həkim = yaxşı idarəçi” kimi yanlış yanaşma qalmaqdadır. Halbuki səhiyyə sistemi yalnız tibbi biliklə deyil, həm də ciddi idarəçilik bacarığı ilə idarə olunmalıdır. Regionlarda vəziyyət daha mürəkkəbdir. Rayon və kəndlərdə həm ixtisaslı həkim, həm də orta tibb heyəti çatışmazlığı var. Tibbi avadanlıq təminatı da yetərli deyil. Bu isə paytaxtla regionlar arasında səhiyyə xidmətlərinin keyfiyyətində ciddi fərq yaradır”.

Razi Nurullayev qeyd edib ki, yeni rəhbərliyin qarşısında çox çətin, amma vacib bir vəzifə dayanır:

“Xalid Əhədovun bu sistemi “sağalda bilməsi” yalnız fərdi bacarıqlardan asılı olmayacaq. Əsas məsələ bütövlükdə səhiyyə sistemində idarəçilik fəlsəfəsinin dəyişdirilməsidir. Şəffaflıq, ədalət, peşəkarlıq və vətəndaş yönümlü yanaşma real şəkildə tətbiq olunmadan kosmetik dəyişikliklər nəticə verməyəcək. Ümid edirəm, yeni rəhbərlik mövcud problemləri düzgün qiymətləndirərək qısa zamanda dönüş yaratmağa çalışacaq. Amma açıq demək lazımdır ki, sistem köklü şəkildə dəyişməsə, yanaşmalar yenilənməsə, struktur və idarəetmə islahatları dərinləşməsə, rəhbərin kim olmasından asılı olmayaraq ciddi, eləcə də davamlı nəticə əldə etmək çox çətin olacaq”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
globalinfo.az

2Mənbələr